“Aparıcılar bu qədər arvadını atan, əxlaqını satan adamı hardan tapırlar?!” - SƏRT SÖZLƏR
“Televiziyaların mövqeyi bəllidir, gecə-gündüz pul qazanmaqla məşğuldurlar, gecə saat 2-də də reklam verirlər, reklam üstə bir-birlərini qırırlar. Azərbaycan xalqı aldadılır. Başa düşdük, bəzilərinin böyüyü, abrı-həyası yoxdur, bəs gecə-gündüz onları təbliğ edən telekanallara nə deməli?!”
Show.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Yerli telekanalları sərt şəkildə tənqid edən kinorejissor vəziyyətlə bağlı həyəcan təbili çalınmalı olduğunu deyib:
“Eyni adamlar gün ərzində müxtəlif kanallarda olur, oradan bura, burdan ora qaçırlar. Boş, mənasız, sözləri biabırçılıq olan mahnılar… Heç birinin ritmi, istedadı yoxdur, hamısı xaric oxuyurlar. Artıq meyxanaçılar müğənnilik etməyə başlayıblar. Onlara telekanallarda 3 saatlıq vaxt ayrılır”.
Ə.Mahmudbəyov yerli telekanallarda baş alıb gedən özbaşınalığa etirazını bildirib:
“Bir dəfə telekanalların birində dedim ki, bu adamları haradan tapıb çıxarırsınız? Özünüzün xüsusi axtarış qrupunuz var? Harada arvadını, uşağını atan, əxlaqını satan varsa, tapıb gətirirlər. Sanki telekanalın işçiləri Azərbaycanı qarış-qarış gəzir ki, harada mənəviyyatsız, əxlaqsız, tərbiyəsiz, başıpozuq ailələri axtarıb tapırlar və efirə çıxarırlar. Dəhşətdir!
Televiziya dünyanın ən dəhşətli təbliğat silahıdır. Hamının evində, mətbəxində, maşınındadır”.
O, aidiyyəti qurumların telekanallara ciddi nəzarət etməli olduğunu vurğulayıb:
“Bu işlə əlaqədar strukturlara dəfələrlə müraciət etmişəm. Qardaşlar, artıq geriyə yol yoxdur, biabırçılıqdır. Efirə çıxan qadınların çoxunun yəqin ki, ailə tərbiyəsi, təhsili yoxdur, özləri bilər. Bu onların problemidir. Amma sən onları efirə çıxarırsansa, bu artıq böyük problemdir. Həmin verilişləri dayandırın! Rüsvayçılığı bitirin, artıq hər şey əldən gedir. Televiziya rəhbərlərinin məqsədi nədir? Qardaş, bizdən nə istəyirsiniz?! Gül kimi sənətkarlarımız, mədəniyyətimiz var, niyə onları təbliğ etmirsiniz?! Abrımızı, ismətimizi qoruyun, nə olar ki? Bunu qoruyun ki, sabah axirət dünyasına, babalarımızın, qeyrətli kişilərimizin yanına üzü ağ gedək. Bu adamların ucbatından gedib orada qınaq yiyəsi olmayaq. Hər şey ciddi nəzarətə götürülməlidir, həmin biabırçı verilişlər dayandırılmalıdır. O aparıcılar xalqa hesabat verməlidir ki. məqsədləri nədir və “debil”, xəstə insanları haradan axtarıb tapırlar”. /referans.az