Bağçada uşağa şiddət göstərən tərbiyəçi və müdirin görüntüləri - "Əsəblərimi cilovlaya bilmədim" - VİDEO

12 İyul 2024
6691847c1bb5c202407243108
940

Sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonunda 310 saylı uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən azyaşlı uşaqların təhqirə məruz qalması ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı Baku TV-nin əməkdaşları sözügedən bağçada olublar.

Görüntüləri ictimailəşdirən xanım həmin bağçada uşaqların hər gün döyüldüyünü bildirib:

"Mən 2005-ci ildən burada yaşayıram. Hər gün görürəm ki, uşaqları yatana yaxın vəhşi kimi döyürlər. Birinci müdiri də bu məsələyə görə işdən çıxarıblar".

Son iki gündə bütün cəmiyyətin hərəkətini qınadığı, körpələrə zorakılıq tətbiq edən tərbiyəçi-müəllim də görüntülərin həqiqəti əks etdirdiyini deyib:

"Belə bir şey etmişəm. Əsəblərimi cilovlaya bilmədim. Mənə qarşı haqsızlıq edildi".

Məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsindən bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı zorakı davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçasında müdirin səlahiyyətlərinə də xitam verilib.

21:00

Sabunçu rayonunda azyaşlının şiddət gördüyü və təhqir edildiyi 310 nömrəli bağçanın direktoru və tərbiyəçinin görüntüləri yayılıb.

Direktor çəkiliş zamanı bildirib ki, uşaq bağçasından səs-küyün gəlməsi normaldır.

Daha ətraflı Real TV-nin süjetində:

16:21

Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada tərbiyəçinin uşaqla kobud davranışını əks etdirən görüntülərlə bağlı bağça rəhbərliyi və tərbiyəçi polis orqanına dəvət olunublar.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.

DİN rəsmisinin sözlərinə görə, onların izahatları alınıb.

E.İbrahimov qeyd edib ki, barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur.

14:01

Bakıda bağçaların birində tərbiyəçi azyaşlıya şiddət göstərib, təhqir edib.

Oxu.Az bildirir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Videonun Sabunçu rayonunda yerləşən 310 saylı bağçada çəkildiyi bildirilib. Kadrlarda tərbiyəçinin yatmadığı üçün uşağa qışqırdığı və zorakılıq etdiyi əks olunub.

Məsələ ilə bağlı Oxu.Az Bakı Şəhəri Təhsil İdarəsinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb:

"Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.

Həmçinin, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".

"Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda vurğulanıb.