Zaur hər kəsin gözünün içinə baxa-baxa yalan danışdı - VİDEO

27 Mart 2024
66039dd097a85202403241720
5809

Xəbər verdiyimiz kimi aparıcı Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişinin vaxtı azaldılıb.

Bu barədə o efirdə açıqlama verib. Aparıcı verilişin vaxtının azaldılmasının özünün istəyi ilə olduğunu irəli sürüb.

“Mən övladlarıma da vaxt ayırmaq istəyirəm. Rəhbərlik də bunu bilir, dəfələrlə bu barədə söhbətimiz olub. Sabahdan etibarən 16:30-dan 19:00-a qədər efirdə olacam, bu, mənə bəs edər” - Z.Baxşəliyev bildirib.

Sözügedən verilişin əvvəlki efir vaxtı 4 saat idi.

Ardınca məlum olub ki, ARB TV-də yayımlanan bəzi verilişlərin də yayım vaxtı dəyişdirilib.

Bu barədə ARB TV-nin instagram səhifəsində məlumat verilib. Dəyişiklik “Elgizlə izlə”, Səni axtarıram” və “Xəbər ətər” verilişlərini əhatə edir. Bildirilir ki, “Elgizlə izlə” verilişi 14:00-da, “Səni axtarıram verilişi 16:30-da, “Xəbər ətər” proqramı isə 10:50-də yayımlanacaq.

Sosial media istifadəçiləri qeyd edib ki, əslində Zaurun verilişinin vaxtı onun öz istəyi ilə bağlı olmayıb. Bu ümumi qərardır. 

Xatırladaq ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

“Qafqazinfo”ya bildirir ki, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.