Yolda rəhmətə gedən bloger Nərminin ölümü ilə bağlı dəhşətli detallar üzə çıxdı - Video

19 Dekabr 2024
67641020a32c4202412242256
7238

Plastik əməliyyat etdirən 2001-ci il təvəllüdlü bloger Nərmin Bəylər qızı İsgəndərova (Mehdiyevanın - red.) dünyasını dəyişib.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edib. O, N.İsgəndərovanı əməliyyat edən plastik-cərrahın adını və klinikanı açıqlayıb: 

"Bakıda daha gənc bir qız saxta plastik cərrahın qurbanı oldu. Bu dəfə 23 yaşlı Nərmin İsgəndərova həyatını itirdi. Hadisə “cəhənnəm yuvası” kimi tanınan "Mərcan" Klinikasında baş verib. Nərminin anasının dediyinə görə, qızına qarın gərmə və bədən şəkilləndirmə əməliyyatını Nurlan Həsənli edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Nərmin bu barədə həkiminə məlumat versə də, təəssüf ki, bir çox saxta plastik cərrahlar kimi, Nurlan Həsənli də xəstəsinə laqeyd yanaşıb. Ailəsinin sözlərinə görə, gənc qız irin axan yarasına öz imkanları ilə dərman tapmağa çalışıb. Lakin yolda halı pisləşib və oradaca dünyasını dəyişib. Nərminin anası Şahnaz Mehdiyeva hadisənin təfərrüatlarını açıqlayıb. Nurlan Həsənlinin Azərbaycan Tibb Universitetinin məzunu olmadığı, Rusiyada təhsil aldığını iddia etdiyi bildirilir. Lakin onun diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur. Komment yazanlar, diqqətli olun. Əməliyyat etmək hər kəsin haqqı və seçimidir. Siz, əməliyyata haqqı olmayan həkimi sorğulayın".

Q.Ataşova Nərminin anasının səsyazısını yayıb.

"Həkimə 5 min manat pul ödənilib. Əməliyyatdan sonra halı pisləşdi, həkimlə əlaqə saxlayıb. O isə boyun olmayıb və başqa klinikaya yollayıb. Orada isə günü 180 manat istəyiblər. Pulu olmadığı üçün evdə müalicə edib. Dərman almağa gedəndə yolda rəhmətə gedib qalıb". / unikal.az

***

Bloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasının baş həkimi Araz Ağayev iddialara cavab verib.

O, oxu.az-a açıqlamasında bu fikirləri səsləndirib:

"2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib.

Sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir".

Baş həkim qeyd edib ki, "Mərcan Medicare" klinikasının İqtisadiyyat Nazirliyinin 23 noyabr 2021 tarixli in/l-470/2021 nömrəli qeydiyyat nömrəsi ilə verilmiş lisenziyasına əsasən "plastik cərrahiyyə" fəaliyyəti ilə məşğul olmağa icazəsi var:

"Həmçinin, adıçəkilən tibb işçilərinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyəti davam edir.

Onu da qeyd edim ki, N.İsgəndərova bizim klinikamızda deyil, bir aydan sonra naməlum səbəbdən vəfat edib".

Baş həkim əməliyyata görə bloqerin 5 000 manat ödəniş etməsi ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyib:

"Min neçə manatsa pul verilib, çeklərə baxmaq lazımdır. Beş min manat ödəniş olmayıb. Yarasından irin gəlməsi ilə bağlı onu deyə bilərəm ki, bu barədə həkimə müraciət edilməlidir. Lap deyək ki, həkim cavab vermir, klinikaya gəlmək lazımdır. İddialar uyğunsuz səslənir. Əməliyyatdan bir ay keçib. Klinikadan çıxandan sonra da əməliyyat fotoları var idi".