Xalq artisti uzun illərdir övladını görmür: "Çox həyəcanlı, kədərli günlər yaşayıram"

16 Avqust 2024
66bf30dee276f202408245838
2340

"Yuxu kimi" serialı artıq bitdi. Final oldu. Hazırda "Xəzər" TV-də yayımlanan "Xəyanət" serialında çəkilirəm. Bu mövsümdən "Xəyanət"də olacağam. Ümid edirəm ki, yaxşı olacaq. Bizim istirahətimiz elə çəkilişlərdir. 10-15 gün istirahət mənə kifayət edir. İş gözəldir. Təki həmişə iş olsun, biz də işləyək. Bugünkü günümüzə şükürlər olsun ki, Allah bu gücü, bu qüvvəti bizə verib və bizi görürlər, çağırırlar, dəvət edirlər".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktrisası Pərvanə Qurbanova deyib.

O daha sonra rollarından və xüsusilə də "Xəyanət" serialındakı obrazından danışıb.

"Ürəyimdə qalan elə bir rol olmayıb. Bütün rollarımı sevib oynamışam. Özüm üçün qadağalar qoymuşam, o səhnələrə də çəkilməmişəm. Sağ olsunlar rejissorlarımız serialda da, teatrda da razılaşıblar. Ümumi işin gedişatına zərər gəlməyib.

"Xəyanət" serialına dəvət alanda da ilk olaraq obrazı soruşdum. Oynadığım rol balasını illərdir görməyən ana obrazıdır. Həyəcanlı, kədərli günlər yaşayan ana. Serial hələ bir az çəkilib, bilirsiniz ki, ssenari gedişatda yazılır. Yeni rejissor gəlib. İş prinsipi çox xoşuma gəlir. Baxımlı bir iş olacağına əminəm", - deyə sevilən aktrisa bildirib.

Aktrisa bildirib ki, sənətdə problemlər hər zaman olub və olacaq...

"Problem tək sənət yox, bütün sahələrdə var. Jurnalistika sahəsində də var, televiziya sahəsində də. Bizdə də həmçinin. Hər kəs öz öhdəsinə düşən vəzifəsini icra etsə mənə elə gəlir ki, hər şey yaxşı olar. Bəzən deyirlər kastinq problemi var, tanışlarını çəkirlər...

"Yuxu kimi" serialına qədər 4 serialda çəkilmişəm, orada qohum-tanış söhbəti olmayıb. Var, eşitmişəm elə bir şeyləri. Amma mən şahidi olmamışam. Seçimlər də uğursuz olmayıb. Bəzən efirlərdə yerindən durana sənətkar deyirlər. Bu, artıq deyənin günahıdır. Sənətdən xəbəri olmayan, təsadüfən gəlib düşən, və yaxud təsadüfi olmasa da, özünü təsdiq etməyən, amma özü üçün sənətkar deyib, onun qarşısındakı da ona sənətkar deyirsə və sənətkarlara aid olacaq sözləri onlara ünvanlayıb deyirlərsə, bu, artıq faciədir. Bəzən elə insanlara sənətkar deyilir ki, düşünürəm ki, görəsən, burada əsl sənətkar otursa, onun haqqında nə deyəcəklər?! Hansı ifadələri işlədəcəklər?! Bu bizim yaralı yerimizdir, bədbəxtçiliyimizdir deyirəm, başqa söz tapmıram. Bu, bütün sahələrdə baş alıb gedir. Yalandan təriflər, şişirtmələr. O insan belə bir müddət sonra o yalanlara o qədər inanır ki, özünü doğurdan da sənətkar sayır", - deyə aktrisa əlavə edib.