Təyyarənin suya düşməsinə 80 metr qalıbmış - Pilotların növbəti qəhrəmanlığı

31 Dekabr 2024
676dc7c287e12202412241650
5030
Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi ilə bağlı yeni detallar məlum olub. Bildirilir ki, AZAL-ın pilotları təyyarəni 300-km-dən çox qəzalı vəziyyətdə idarə ediblər. Onlar dənizin üzərindən keçərkən 80 metrəyə qədər suya yaxınlaşıblar və yenidən hündürlük qazana biliblər.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Təyyarədə olan pilotların hər ikisi – İqor Kşnyakin (kapitan) və Aleksandr Kalyaninov həlak olub.

***

Qroznı yaxınlığında AZAL-ın mülki təyyarəsi Rusiya ordusuna məxsus "Pantsir" hava hücumundan müdafiə sistemi tərəfindən iki raketlə vurulub.

Musavat.com-a istinadla bildirir ki, məlumatı "ВЧК ОГПУ" teleqram kanalı yayıb. Hadisə ilə bağlı yayılan yeni detallar Rusiyanın hərbi koordinasiyasındakı ciddi problemləri üzə çıxarır.

Hadisə zamanı "Pantsir" sistemindən iki raket atılıb. Komandirin sözlərinə görə, ilk raket 08:13:30-da, ikinci raket isə 08:13:40-da buraxılıb. Raketlər 08:13:50 və 08:14:30-da partlayıb. Sonuncu partlayış mülki təyyarəyə dəyib. Raketlərin atılması əmrini isə Rostovdan Borisov adlı rus komandir verib.

Elektron müdafiə sistemi hər şeyi "kor" etdi

Hadisənin əsas səbəblərindən biri güclü elektron müdafiə sisteminin təsiri olub. Bu sistem mülki və hərbi texnikanın rabitəsini tamamilə pozaraq koordinasiyanı çətinləşdirib. Hətta "Pantsir" ekipajlarından biri təyyarənin mülki olduğunu görüb və atəş açmaqdan çəkinib. Lakin digər ekipaj elektron rabitə olmadan əmrə əsasən raketləri buraxıb.

Hərbiçiyə "Mülki təyyarəni drondan fərqləndirməyə çalışdınızmı?" sualı verilib. O isə yalnız əmr aldıqdan sonra atəş açdığını və təyyarənin lokatorda mülki obyekt kimi görünmədiyini bildirib.

Təyyarəyə yox, drona atəş açıldığı iddiası

Rusiya hərbi rəhbərliyi məsuliyyətdən yayınmaq üçün daha "əlverişli" bir versiyanı önə sürür. Onların iddiasına görə, raketlər drona atılıb, lakin onu vura bilməyib və AZAL təyyarəsinin yaxınlığında partlayıb. Buna baxmayaraq, hadisə yerində pilotsuz uçuş aparatına aid hər hansı qalıq tapılmayıb.

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də bu versiyanı dəstəkləyir və guya vurulmuş pilotsuz təyyarənin hissələrinin tapılmasını tələb edir. Lakin üç gündür davam edən axtarışlar heç bir nəticə verməyib.

Dispetçer və şahidlər nə deyir?

İstintaqın gedişatında müəyyən edilib ki, hava hücumundan müdafiə sistemlərinin komandirlərinə mülki təyyarələrin uçuş cədvəli təqdim edilməyib. Raketləri buraxan komandir, hədəfi duman səbəbindən vizual olaraq təsdiqləyə bilmədiyini və stasionar telefonla Rostova iki dəfə zəng etdiyini bildirib.

Bu arada, digər "Pantsir" sisteminin komandiri mülki təyyarəni vizual olaraq müşahidə edib və atəş açmayıb. Bu fakt, dispetçer məntəqəsindəki səs yazılarının dinlənilməsindən sonra ortaya çıxıb. Lakin həmin komandir elektron müdafiə sistemi səbəbindən digər ekipajla əlaqə saxlaya bilmədiyini bildirib.

Elektron müdafiə sistemini kim işə salıb?

Hadisənin ən diqqətçəkən detalı elektron müdafiə sisteminin təyyarə və hava hücumundan müdafiə sistemlərini "kor və kar" vəziyyətə salmasıdır. Hələlik bu sistemi kimin işə saldığı və əsas məqsədinin nə olduğu aydın deyil.

Baş verənlər bir daha göstərir ki, Rusiya ordusundakı koordinasiya və intizam çatışmazlığı mülki obyektlər üçün ciddi təhlükələr yaradır. İstintaqın nəticələri yaxın günlərdə daha çox aydınlıq gətirə bilər.