“Şəmi”nin əynindəki pencək görün kimin imiş - 1993-cü ildə o nişanında geyinibmiş

05 Yanvar 2025
678000382339b202501255832
340

Lent.az-ın müsahibi tanınmış aktyor Ramil Babayevdir. Ramil Babayevi Azərbaycan izləyiciləri daha çox “Şöşü” obrazı ilə tanıyırlar. Bu günlərdə itirdiyimiz aktyor Azər Baxşəliyev (“Ağsaqqal”) ilə eyni səhnələri paylaşan Ramil Babayev müsahibədə onun barəsində də xatirələrini bizimlə bölüşdü. 

Müsahibənin bir hissəsini təqdim edirik: 

- "Bozbash Pictures" necə yarandı?

- Həmin dövrdə İlkin Həsəni "ATV Maqazin"in aparıcısı idi. Mən də musiqiləri, filmləri dublyaj edirdim. İlkinə dedim ki, gəl sənə bığ, saqqal qoyaq, guya sən mənim xalam oğlusan, rayondan gəlmisən, belə komedik bir şey çəkək. 

- Yəni "Bozbash Pictures" sizin ideyanız olub?

- İlkinlə mənim birgə ideyamızdır, amma təklifi mən irəli sürmüşəm. Dedim, İlkin, elə edəcəyik ki, səni heç kim tanımayacaq. O vaxt ölkənin ən yaxşı qrim ustası vardı, Maqsud. O gəldi, bığ, saqqal qoydu. "Şəminin" o yaşıl kostyumu mənim qardaşımın 1993-cü ildəki nişan kostyumudur. O vaxt "Çal-çağır" verilişi var idi, deputatlar gəlib qalstuklarını qoyurdular. Oradan da bir qalstuk götürdük. "Şəminin" "Sportivni" şalvarını İlkin evdən gətirmişdi. Biz “Bozbaş Pictures”i ATV-nin ad günü üçün çəkmişdik. Daha sonra çox sevildi və başladıq xüsusi buraxılışlar etməyə. Elşən Orucov (“Fəlakət”) mənim köməkçim olub, onu da dəvət etdik. Rəhmətlik Azər Baxşəliyev “Çəkirəm haa”nın rejissoru idi. Veriliş bağlanandan sonra onu da “Ağsaqqal” kimi dəvət etdik. Nicat Rəhimov (“Şirin”) Rüfət Axundovun xalası oğludur. Rüfət dedi ki, mənim çox istedadlı xalam oğlu var, Yaşar Nuriyevin bacısı oğludur. Ən sonda isə İlkin Misgərli (“Qılman”) bizə qoşulub.