Rəşid Behbudovun ölümü ilə bağlı şok sirr 35 il sonra üzə çıxdı - "Azərbaycanda məlum hadisələr başlayanda…"

10 İyun 2024
Resid Behbudov
4092

Bu gün Azərbaycanın və SSRİ-nin xalq artisti, Dövlət mükafatı laureatı Rəşid Behbudovun vəfatının 35 illiyidir.

Show.az mərhumun qızı Rəşidə Behbudovanın 2018-ci ildə “HafizTimes.com” saytına verdiyi müsahibəni təqdim edir:

– Atamla bağlı vikipediyada yalan məlumatlar qeyd olunub. Yazıblar ki, Rəşid Behbudov uğursuz əməliyyatdan sonra Moskvada vəfat edib. Bu, tamamilə yalandır. Mən indi həqiqəti deyəcəyəm. Bunu mətbuata ilk dəfə olaraq açıqlayıram. Bəli, onun böyrəyini əməliyyat etməli idilər. Atamı əməliyyata hazırladılar. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən Prezident Aparatından (Keçmiş SSRİ Mərkəzi Komitədən) zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır.

Əməliyyat onun səhhətini yüngüləşdirməli idi, çünki böyrəkləri xəstə idi. Mahnı Teatrının o zamankı yeni binasında özünü soyuğa vermişdi. Çünki binaya yeni köçəndə istilik sistemi hələ də işləmirdi. O, rütubətli, soyuq binada çalışırdı. Bütün bunlara baxmayaraq o, aktyorlarla birlikdə çalışırdı. Nəticədə böyrəyinə soyuq oldu. Buna görə də atamın səhhəti ağırlaşdı. Bu ya təbii hadisə idi, ya da belə qələmə verilirdi. Çox mübahisəli və aşkar bir məsələ idi. Fakt budur ki, əməliyyat təxirə salındı.

– Sizə bunun səbəbini izah etdilər?

– Bizə heç nə demədilər. Heç nə də açıqlamadılar. Sadəcə dedilər ki, əməliyyat təxirə salınıb.

– Ailənizdən kimsə bu barədə onlara sual vermədi?

– Onlar çox gərgin idilər, heç bir suala cavab vermirdilər. Özlərini Stalinin həbs düşərgələrində olduğu kimi aparırdılar. Üzlərində təbəssüm də yox idi. Sanki hər şey kiminsə əmri ilə yerinə yetirilirdi.

Hətta deyərdim ki, bu əvvəlcədən müəyyənləşdirilmiş bir sonluq idi. Həkimlər adamı təbəssüm ilə sakitləşdirmək, nəsə demək istəmirdilər. Heç nəyi izah etmirdilər. Elə bir hansısa bir aktyor, robot idilər. Orada vəziyyət belə idi. Əməliyyatı təxirə saldılar. Atamı palataya apardılar və biz onu bir daha görmədik.

– Rəşid Behbudovu kim və nə üçün qətlə yetirmişdi?

– Azərbaycanda məlum hadisələr başlayanda… Sumqayıtda təxribat məqsədi ilə törədilmiş hadisələr zamanı Rəşid Behbudov 30 ildən artıq idi ki, SSRİ Ali Sovetinin deputatı idi. 1988-ci ildə Azərbaycan nümayəndə heyətinin, mədəniyyət işçilərinin, SSRİ xalq artistlərinin Azərbaycan və Ermənistan tərəfdən deputatlarla görüşləri oldu. Bu, Moskvada SSRİ Ali Sovetinin sessiyasında baş tutdu.

1988-ci il idi. Atam bir az soyuqlamışdı. Heç yerə gecikməyən atam bu görüşə təxminən 2-3 dəqiqə gecikmişdi. Zala girəndə görüb ki, bütün zal adamla doludur. Qorbaçov künc tərəfdə oturubmuş. Oturmaq üçün başqa boş yer qalmayıb. Qorbaçovdan bir qədər uzaqda kreslo qoyulmuşdu. Atam da orada oturub.

Bir neçə dəqiqədən sonra Qorbaçov atama “O, Rəşid” deyə müraciət edib. Onun atama “sən” deyə müraciət etməsi onu təəccübləndirib. Niyə axı o atama “sən” deyə müraciət edirdi?! Etiket qaydalarına əməl etmək lazım idi. Sanki dünən bir yerdə oturub çay içmişdilər. Qorbaçov: “Rəşid bura gəl, yaxın otur”. Atam ayağa durub ona tərəf yaxınlaşıb, yaxınlığında oturub.

Qorbaçov atamdan Dövlət Mahnı Teatrı haqda soruşub: “Rəşid necəsən? Teatrda işlər necə gedir?” Atam oradan qayıdandan sonra anamla mənə dedi ki, Qorbaçovun Dövlət Mahnı Teatrında baş verənlərdən, işlərin gedişatından xəbəri var. Yəni o tam məlumatlıdır.

Atam daha sonra Qorbaçova cavab verib: “Pis deyil. İşlər davam edir. Biz dünya ölkələrinə səfərlər edirik. Amma bir şeyi başa düşə bilmirəm. Mixail Sergeyeviç, hər şeyin yaxşı olduğunu deyə bilmərəm. Çünki mənim şəhərimdə tanklar dayanıb.

Qorbaçov cavab verib: “Axı bunlar bizim tanklardır” – deyib. Atam: “Bunun əhəmiyyəti yoxdur, sizindir, yoxsa bizim. Bu tanklar sülh şəraitində yaşayan şəhərdədir. Bu, təcavüzdür! Nə olub Mixayıl Sergeyeviç? Nə baş verir?

Orada atamla Qorbaçov arasında gərginlik yaşanıb. Bütün ölkə, hətta Azərbaycanın hüdudlarından kənarda da hər kəs bilir ki, Rəşid Behbudov vətənini sevən bir insan idi. Bu, bir həqiqətdir!

Atam həmin görüşdə deyib: “Nə qədər ki, mən sağam, SSRİ-nin deputatıyam, Qarabağın bizim olduğunu deyib, hər yerə car çəkəcəm. Əgər siz bu hərəkətlərinizə son qoymasanız, qan töküləcək. Qan töküləcək! Qan töküləcək! Qan töküləcək! Atam bu sözləri çox emosional formada deyib. Masaya nəsə atıb, üzünü çevirib. Qapını çırpıb gedib. Sakitlik çöküb.

Atamın qətlə yetirilməsinin başqa bir səbəbi də var idi. O bilirdi ki, Stepan Şaumyan basdırılmayıb.

O vaxt atama inanmadılar. Həmin yerdə işlər görülən zaman hər şey üzə çıxdı. Bəziləri deyirdilər ki, biz Rəşidə inanmadıq, o, haqlı idi. Meyitlərin tibbi ekspertizası zamanı Şaumyanın cəsədini orada (indiki Sahil bağında – red.) tapmadılar. Rəşid Behbudov bu məlumatı bilirdi (Şaumyanın qaçaraq, Hindistana sığındığı və uzun illər orada yaşadığı haqda məlumatlar var – red.).

Buna görə də həmin vaxt atamla bağlı istənilən xəstəliyi uydurmaq olardı. Onu palataya yerləşdirdilər. Anamı yanına buraxmırdılar. O vaxt mənim oğlum Rəşid də balaca, südəmər bir uşaq idi. Anamla növbələşirdik. Anamın çayına nəsə töküb yatırdılar. Atamın isə yanına heç kimi buraxmırdılar. Əslində bu bütün tibbi normalara, Avropadakı qaydalara zidd idi. Çünki insan xəstələnib reanimasiyada yatırsa, yaxud da xüsusi palataya köçürülübsə qohumlarının ora mütləq girişinə icazə verilməlidir. Başa düşürsünüz?

Müəyyən əhval-ruhiyyənin mövcudluğu aşkar formada hiss olunurdu. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, olmaz, olmaz, olmaz!

Oğlumun canına, mayın 2-də məni tərk edən anamın xatirəsinə, bütün xalqımızın qarşısında and içə bilərəm ki, hər şey məhz mənim danışdığım kimi baş verib!

Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur.

Atam iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edib. Anama isə bunu günorta saat 12-də dedilər. Anam onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Deyiblər: “Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi”. Mən hər şeyi olduğu kimi danışdım.

Gizli kaset barədə də məlumatım var. Guya onu kiməsə verib. Amma kimə verdiyi bilinmir.

– O kasetdə nə vardı?

– Kasetdə Qorbaçovun həyat yoldaşının iştirakı ilə Dağlıq Qarabağ barədə bəzi qərarlar var idi. Bu həqiqətdir. Gizlətməyin nə mənası var?!

– Bəs niyə siz qeyd etdiyiniz bu müəmmalı qətlə görə tibbi ekspertiza tələb etmədiniz?

– O vaxt mədəniyyət naziri Polad Bülbüloğlu idi. Anam təkid edirdi ki, atamı Mahnı Teatrından son mənzilə yola salsınlar. Teatr atamın zəhməti nəticəsində yaranmışdı. Dövlət teatrı idi. Atam onu xalq üçün qoyub getdi. Özümüzlə o biri dünyaya heç nə aparmırıq. O dövrdə həmin teatr bizim xalq musiqilərimizi bütün dünyada təbliğ edirdi. Atam SSRİ-nin xalq artisi kimi inanılmaz işlər görmüşdü.

Polad Bülbüloğlu anama cavab vermişdi: “Xeyr. Bilirsiniz, bizim ölkədə elə vəziyyət yaranıb ki, Rəşid Behbudovun vəfatı ilə əlaqədar olaraq mitinqlər baş qaldıra bilər. Və onun cənazəsini Mahnı Teatrından son mənzilə yola salmağımız mümkün deyil”.

Əlbəttə ki, bu yalan idi! Təbii ki, kəskin siyasi vəziyyət ərəfəsində Rəşid Behbudovun Moskvada vəfat etməsi xalq arasında böyük səs-küy yaratdı. Amma bu doğru deyildi.

Anam dedi ki, əgər vəziyyət belədirsə, “mən Rəşidin cənazəsini Gürcüstana aparacağam və doğulduğu yerdə dəfn edəcəyəm”.

O dövrdə babam Şuşadan Tiflisə köçmüşdü. Uşaqları da orada dünyaya gəlmişdi. Amma babam Qarabağda doğulub. Məşhur xanəndə Məcid Behbudovun büstü Muğam Mərkəzində ucaldılıb.

Anam dedi ki, “Rəşidin cənazəsini doğulduğu yerə, Tiflisə aparacağam”. Anamın bu sözlərindən sonra o, razılıq verdi. Və biz atamı Mahnı Teatrından son mənzilə yola saldıq. Ayın 12-də isə onu Filarmoniyadan yola saldılar.

Ekspertiza məsələsinə gəldikdə isə Moskvadan dedilər… “sizin dinə görə meyti yarmaq olmaz”. Anam dedi ki, düzdür, olmaz. “Onda zəhmət olmasa bu sənədi imzalayın”. Anam da imzaladı. Onun cənazəsini bura, Tibbi Ekspertiza İnstitutuna gətirəndə… Meyitin yarılmasını Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, 9-cu şöbənin işçiləri həyata keçirdi.

Sənədləri götürmüşdülər. Və hazırda da arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur.Bunu keçmiş direktor özü mənə deyib. Rəsmi olaraq!

– Hiss etmirdiniz ki, bütün bunlar qurmadır?

– Necə yəni bilmirdik?! Atamı xəstəxanaya aparanda təcili tibbi yardım maşını gəlmədi. Boz kostyum geyinmiş adamlar idi, qara rəngli uzunsov “mercedes”də gəlmişdilər. Onlar qolları ilə anamın qarşısını kəsdilər… “Siz getməyəcəksiniz”. Anam dedi ki, necə yəni getməyəcəm?! Anam əsəbləşdi və gedəcəm dedi.

Sizə hər şeyi olduğu kimi danışıram. Mən də anamın yanında idim. Bizə dedilər: “Nə siz, nə də qızınız gedəcək!”.

“Bunları bizim üçün qurmusunuzsa hər şeyi çox gözəl başa düşürük. Nə etmək istəyirsiniz? Əgər onu xəstəxanaya yerləşdirmək istəyirsinizsə, tibbi nöqteyi-nəzərdən bunu həkimlər etməlidir. Təcili tibbi yardım maşını gəlməlidir və Kremlin xəstəxanasının həkimləri olmalıdır. Bu nə tamaşadır siz qurmusunuz?!”

Dedilər: “Xeyr siz ora getməməlisiniz”. Nəhayət, uzun mübahisədən sonra biz ora getdik. Sadəcə onlar xalatsız idilər. Sizə yalnız bunu deyə bilərəm!

Atam Qorbaçova öz sözünü demişdi. Bütün dünyaya Qarabağ münaqişəsi, onun yalnız bizim torpağımız olması barədə hər yerə car çəkəcəyini dünya şöhrətli müğənni Rəşid Behbudov demişdi! Bununla da özünə ölüm hökmü oxudu. Belə məşhur incəsənət xadimləri, dünya şöhrətli insanların həyatı sadə olmur. Mütləq onların arxasında hansısa oyunlar gedir. Onları izləyirlər. Bu faktdır. Ona görə də burada çox güman ki, hər şey öncədən həll olunmuşdu.

Atamı deputatlıqdan çıxardılar, hamı bizdən üz döndərdi. Yəni biz tam boşluqda qaldıq. Keçmiş dostlarımız, qonşular, bizə yaxın olan, xoş sözlər deyən, dəstəkləyən insanların hamısı yoxa çıxdı. İtdilər. O illərdə bir çox incəsənət xadimlərimiz ölkəni tərk etdilər. Bu sirr deyil. Çətin vaxtlar idi. Müharibə gedirdi. Şəhərdə komendant saatı tətbiq edilmişdi. Hamımız ərzaq payı ilə yaşayırdıq. Yəni mənzildə qeydiyyatda olan hər adama bir kiloqram ət, bir kiloqram yağ, bir az da yarma verirdilər. Mən də oğlum Rəşidi belə böyütdüm. Yəni sadaladığım bu ərzaq məshullarını ona verirdik. Özümüz isə əriştə, makaron yeyirdik. Çox yaxşı, acından ölmədik. Çünki respublikada vəziyyət belə idi və torpaqlarımızın azad olunması naminə buna dözürdük.

Məsələ bundadır ki, nə mən, nə də anam bu vəziyyətdən istifadə etmədik. Yəni mən bu məsələdə də özümə və həmçinin anama hörmət edirəm. Çünki biz doğma Azərbaycanımızı tərk etmədik. Əvvəldə də, sonra da üzləşdiyimiz bütün çətinliklərə dözdük. Bunun çox vacib olduğunu hesab edirəm. Çünki hiss edirəm ki, atam da belə etməyimizi istəyərdi.//Axar.az