Qəzada həlak olan 29 yaşlı qız tanınmış diş həkimi imiş – Foto
Bakı-Qroznı reysi ilə uçan Azərbaycanın sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.
Təyyarədəki sərnişinlərdən 6-sı Qazaxıstandan olub, onların hamısı dünyasını dəyişib.
“Embraer ERJ-190” təyyarəsinin göyərtəsində olan Qazaxıstan vətəndaşlarının adları rəsmən açıqlanıb.
Qazaxıstan mediası xəbər verir ki, həlak olanlardan biri – Səlimə Djutayeva məşhur həkimdir.
29 yaşlı Səlimə Djutayeva Qazaxıstanın Kostanay şəhərində diş həkimi işləyirdi. Gənc həkimin sosial şəbəkədəki səhifəsində onun abunəçiləri şərhlər yazır, sağ qalan sərnişinlər siyahısında olacağına inandıqlarını və ümid etdiklərini bildirirlər.
Səlimə Djutayeva faciədən üç gün əvvəl öz İnstaqram səhifəsindəki paylaşımını Azərbaycan dilində belə yazıb: “Sən yağışlı gündə Günəş kimisən”.
Tanıyanlar deyirlər ki, Səlimə Djutayeva səyahət etməyi sevirmiş. / Modern.az