Özünü Xoşqədəmə oxşadan Lalə Azərtaşın faciəsi

04 İyul 2024
65f9d1cb662e5202403245627
6470

Kulis.az Nihat Pirin “Üç ölü, yaxud nənəm, babam və Lalə Azərtaş” adlı yeni yazısını təqdim edir.

Yaxın keçmişin söhbətidir. Evdə hay düşdü ki, bəs babamgilin televizorunda kanalların bəzisi pozulub, nənəm yerə-göyə sığmır, babam da hamını qırıb-çatır. Təcili onu düzəltmək lazımdır.

Bir az ərincək tərəfimə salıb getmək istəmədim. Amma nənəm deyəndə ki, babam Lalə Azərtaşdan başqa heç kimin xəbər verilişinə baxa bilmir, ürəyim dözmədi, gedib düzəltdim.

İndi nə nənəm var, nə də ki, babam.

Bəs Lalə Azərtaş?

Uzun müddətdir, televizora baxmıram. Bunu özümü daha intellektual görünmək üçün demirəm. Sadəcə evdə televizorum yoxdur. Bir ara az sayda olan normal verilişlərə “Youtube”də baxmağa vərdiş etmişdim, sonra o da yaddan çıxdı. Ümumiyyətlə, gec-tez televiziyanın öz aktuallığını itirməsi, öz yerini “Youtube” və digər platformalara verməsi gerçəyi qaçılmazdır. Amma mövzu bu deyil.

Bu yaxınlarda Lalə Azərtaşın aparıcısı olduğu “Təsir dairəsi” adlı verilişdən kiçik bir fraqmenti izlədim. Əvvəlcə onu deyim ki, “Təsir dairəsi” adını o layihə üçün kim fikirləşibsə, havayı maaş alır. Bu dəqiqdir.

Lalə Azərtaşın xəbər aparıcılığından uzaqlaşmasını da təzəlikcə bilmişəm. Mən elə bilirdim, hansısa dövlət qurumunda mətbuat xidmətində müəyyən vəzifədədir. Amma bu yaxınlarda bilmişəm ki, Lalə Azərtaş özünü qoyub Xoşqədəm yerinə.

Təsəvvür edirsiniz? Lalə Azərtaşdan olan gözlənti hansısa dövlət qurumunda mətbuatın siması olmaqdırsa, Lalə xanım Xoşqədəmin başqa versiyası olmağı seçib.

Bəs niyə?

Lalə Azərtaşı bu qədər düşməyə məcbur edən nədir?

Məgər Lalə Azərtaş Xoşqədəmlər, Elgizlər, Zaurlar kimi reytinq peşində olacaq adamdır?

Yox.

Məgər Lalə Azərtaş bozbaş iyi verən məişət mövzularını efir divanlarına daşıyıb kütlədən reaksiya umacaq adamdır?

Yox.

Məgər Lalə Azərtaş aparıcısı olduğu verilişdə açıq-aşkar “pe*sər” söyüşünün işlədilməsinə razı olacaq düşüncədə, mədəniyyətdə və səviyyədə olan adamdır?

Yox.

Məgər bu boyda ölkədə Lalə Azərtaşın aparıcısı ola biləcək başqa layihə yoxdur?

Var.

Məgər bu boyda ölkədə Lalə Azərtaş üçün sırf onun kontingentinə uyğun layihə düşünəcək adam yoxdur?

Var.

Məgər bu boyda ölkədə və bu boyda televiziyalar içərisində Lalə Azərtaşın bazasına uyğun ona tribuna verəcək telekanal yoxdur?

Var.

Bəs nə baş verir?

Nə baş verir ki, Lalə Azərtaş özü-özünü bu yerə qoymağa rəva bilir?

Lalə Azərtaş müəllifi olduğu verilişdə qayın və gəlin arasında olan dialoqa müdaxilə edərək deyir ki, etik normalara riayət edin, küçədə deyilsiniz.

Başa düşürsünüz, Lalə Azərtaş aparıcısı olduğu verilişdə hansısa bir dialoqun arasına girib qonaqlarına xatırladır ki, bura küçə deyil, burada söyüş söymək olmaz.

Bu nədir? Bu, Lalə Azərtaşın faciəsidir.

Lalə Azərtaşın müəllifi olduğu verilişdə keçmiş qayınla və gəlinin mübahisəsi ortaya belə bir dialoq çıxarır.

Qayın deyir ki, girdim evə, sənin başqa kişilərlə telefonda yazışdığını tutdum.

Qadın isə cavab verir: yaxşı eləmişəm, yatmamışam ki. Yazışmışam, yaxşı eləmişəm.

Və Lalə Azərtaş bu dialoqun ardından deyir ki, bəzi səsləri alaq, tamaşaçılar eşitməsin. Çünki bura studiyadır, etik normalara riayət edin, bura küçə deyil.

Bəs, ay Lalə Azərtaş, bu cür küçə söhbətlərini efirə daşımağın məsuliyyəti kimin boynundadır?

Bəs, ay Lalə Azərtaş, bu cür küçə söhbətlərini efirlərə daşıyan digər verilişlərlə özünüzü bir mövqedə görmək sizi ağrıtmır?

Bəs, ay Lalə Azərtaş, bu cür küçə söhbətlərinin moderatoru olmağı özünüzə yaraşdırmağınız sizi incitmir?

Heç özünüzə, öz potensialınıza heyfiniz gəlmir?

Heç özünüz öz verilişinizə, oradakı obrazınıza baxanda peşmanlıq hiss eləmirsiniz?

Onsuzda televiziya məkanında bu tip verilişlər onlarladır. Və onsuzda televiziyada bu tip verilişlər üçün aparıcı olacaq potensiallı adamlar da onlarladır.

Onlara bu yaraşır. Onlar üçün bu normaldır.

Məsələn, mən ömür boyu Xoşqədəm Hidayətqızının aparıcısı olduğu xəbər proqramına baxmaram. Baxa bilmərəm.

Mən ömür boyu Elgiz Əkbərin aparıcısı olduğu hansısa normal bir layihəyə baxmaram. Baxa bilmərəm. Heç bunu ondan gözləmirəm də.

Mən ömür boyu Zaur Baxşəliyevin, Zaur Kamalın hansısa bir ciddi verilişdə imzası olacağını ehtimal etmərəm. Edə bilmərəm.

Amma, axı, sizə heyfdir. Amma, axı, bu siz deyilsiniz.

Xoşqədəm studiyada kiməsə ayağını öpdürəcək, Zaur Baxşəliyev balaca bir uşağın sünnət olmasını “Həkim du*uşuma baxdı” formasında təqdim etməyə icazə verəcək, Zaur Kamal öz verilişində detektor ilə kiminsə ombasının diametrini ölçəcək, kiməsə banan yedizdirəcək adam və aparıcıdır.

Amma siz deyilsiniz axı.

Lalə Azərtaş bu adam deyil axı.

Bəs onda nə baş verir? Sizi bu cür mənasız teatrallığa, süniliyə, pafosa və nəhayətində, rəzilliyə vadar edən nədir?

Bilmirəm.

Bircə onu bilirəm ki, yaxşı ki, nə babam sağdır, nə də ki, nənəm.

Yaxşı ki...