Özündən 30 yaş kiçik tələbəsi ilə evləndi, oğlunu doğrayıb çamadana yığdılar - VİDEO

29 İyun 2024
667f189b10afa202406241003
17674

Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə Bakıya köçüb. Atasını çox erkən yaşda itirib. Bu vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış. Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar. Onu Ceyhun Mirzəyevlə birgə "Ögey ana" filminə dəvət edirlər. Ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak edə bilmir.

Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!. Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var". Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışır.

Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb. Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində "Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz" söyləyib: "Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur" deyib.

İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olur. Aralarında isti münasibət yaranır və onlar ailə qururlar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar. Bu dəhşətli hadisə 1984-cü ildə baş verib. Qatil onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb, qətlə yetirir, meyitin qalıqlarını isə çamadana yığır. Çətinliklə də olsa, bu cinayətin üstü açılır, qatil yaxalanır və ona güllələnmə hökmü kəsilir. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir. Müsahibələrinin birində "mənə bu haqda danışmaq olduca ağırdır" deyən Rafiq Hüseynov indiki həyatında "oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq" söyləməklə axirət dünyasının nəzərdə tutduğuna işarə edib.

Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir. Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım özündən 30 yaş böyük olan Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.

1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi

işindən ayrı qalmalı olur. Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb.

Rafiq Hüseynov ağ ciyər xərçənginə yoluxur. Həkimlərin səyinə baxmayaraq Xalq artisti 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilir. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunur. Rafiq Hüseynov öz sahəsinin möhürünü vuran şəxslərdən bəlkə də birincisidir. Bununla yanaşı sovet diktoru kimi quru bir obrazın içindən çıxıb milyonların sevimlisi olmağı da Rafiq Hüseynov bacarmışdı... Qəbrin nurla dolsun, ustad.../qlobal.net

Daha ətraflı video-materialda: