“Oqtaydan sonra ömrüm boyu belə olacaq” - Dilarə Əliyeva

13 İyun 2024
6617661a9e856202404242458
3931

“Oqtayın vəfatından sonra yarımçıq qalan işlər, arzular çoxdur. Hazırda onları yaratmaq yox, yarıtmaqla məşğulam”.

Bu fikirləri Kult.az-a müsahibəsində Əməkdar artist, aparıcı, aktrisa Dilarə Əliyeva deyib.

- Dilarə xanım, deyirlər, insan hər şeyə öyrəşir. Oqtay bəyin yoxluğuna öyrəşə bilirsinizmi?

- İnsan sevdiyinin ruhunu şad etmək üçün həyatına davam edir, həm də onu yaşatmaqla yaşayır. Bu, sənin həyat tərzin olur, belə yaşamağa başlayırsan. Biz olumlu-ölümlü dünyada yaşayırıq. Nə qədər buna hazır olmasaq da, hər kəsin bu cür itkisi olur. Başqa bir həyatımız yoxdur - zamanla bunu anlayırsan. Bu barədə düşünmək də istəmirsən, amma yaşamağa davam edirsən.

- Oqtay bəyin vəfatından sonra işlər hansı istiqamətdə irəlilədi? Ağrınız çox olsa da, ayağa tez qalxmağı bacardınız. Hazırda nə edirsiniz? Oqtay bəyin yarımçıq qalan işləri, ya özünüzün yeni fəaliyyətiniz varmı?

- Əlbəttə ki, yarımçıq qalan işlər, arzular çoxdur. Hazırda onları yaratmaq yox, yarıtmaqla məşğulam. Bu işlər də məni toparlanmağa kömək etmiş olur. Oqtayın gördüyü bütün layihələr qaldığı yerdən davam edir. “SOY production”ın ərsəyə gətirmək ənənəsi var idi. Məsələn, “Cin atı” filmimiz kinoteatrlarda yayımlandı. Özəl film sektorunun tələblərinə uyğun çəkilmiş filmdir. Əlavə olaraq öz işimdə də irəli getmək üçün addımlar atdım, mədəni layihələr oldu. Oqtayın da baş prodüseri olduğu “Hoqqa” filmi Özbəkistanın “Renesans” kanalında özbək dilinə dublaj olundu, yayımlandı. İşlər yenə də çoxdur. “SOY production”da yeni layihələr də açıldı. Danışıqlar gedir, “stand-up” konsert olacaq. Əsas odur ki, mənim ən böyük görəcəyim iş Oqtaydan bizə qalan yadigarlarını - onun doğmaları, əzizləri, valideynlərini göz bəbəyim kimi qoruyuram, üstlərində əsirəm, bir ömür boyu da belə olacaq.

- Dilarə xanım, siz həm aparıcı, həm də aktrisa kimi fəaliyyət göstərmisiniz. Daha çox çal-çağırlı veriliş, obrazlarla xatırlanırsınız...

- Elədir, amma aktrisa kimi dram obrazlarına da çəkilmişəm.

- “Cavid ömrü” filmindəki həyat yoldaşı Müşkünaz obrazı?

- O filmə dəvət alanda bir çoxları birmənalı qarşılamadı. Məni daha çox komediyada gördükləri üçün Müşkünaz obrazını mənə yad gördülər. Amma sonra fikirlər dağıldı, dedilər, daha çox dramatik rollarda görmək istəyərdik, nəinki komediya. Hesab edirəm ki, komediya janrında da ciddi olmaq lazımdır. Mənim üçün ən ciddi janr komediya janrıdır. Orada doğru-dürüst olmaq, həddini aşmamaq, harada dayanmağı bilmək lazımdır. Əsas olan materialın önəminin olmasıdır, janrın yox.

- “Hoqqa” filmi də birmənalı qarşılanmamışdı. Deyirdilər, kommersiya xarakterlidir, bayağılıq var.

- Doğrusu, ilk dəfədir belə bir fikir eşidirəm, o da elə sizdən. Bəli, “Hoqqa” filmi kommersiya xarakterli filmdir. Bu cür filmləri yüksək sənət meyarları ilə müzakirə etmək, yüksək film adına təhlil etmək olmaz. Kommersiya xarakterli filmlərin öz tələbi, istəkləri olur.

- Sosial şəbəkələrdə yoxsunuz. Bir dəfə səbəb kimi çəkindiyinizi də demişdiniz ki, qəribə şərhlər yazarlar. Deyəsən, tənqiddən çəkinirsiniz…

- Kaş ki tənqid yazsınlar, tənqid yazanlarımız yoxa çıxıb. Təhqir var indi ancaq. İndiki zamanda özünü qorumaq üçün o cür adamlardan uzaq durmaq ən yaxşısıdır. Sosialdan uzaq durmaq səbəbim isə heç bu da deyil. Əslində, səbəb tapsam, olaram orada da. Maraqlı fikirlə orada olmaq daha yaxşıdır. Bunu tapanda olacağam.

- Məşhur adamlar sosial şəbəkədə gündəlik həyatlarını da paylaşırlar. Məsələn, elə öz şəkillərini, hara gedib-gəldiklərini. Amma sizin, deyəsən, belə şeylərə də həvəsiniz yoxdur.

- Təbii ki, həvəsim yoxdur, belə şeylərlə özümü yükləmək istəmirəm. Gedib oturduğun, danışdığın nələrinsə təəssüratını sosial şəbəkə yaşamağa imkan vermir. İçəri girən kimi məkanın şəklini çək, gedişatı paylaş - adamı görmək istədiyi işdən də yayındırır. Razıyam, insanlara da maraqlı ola bilər sənətçinin bu cür həyatı.

- Dilarə xanım, maraqlıdır, siz hansı roldan imtina edərdiniz? “Qırmızı xətt”iniz nədir?

- “Qırmızı xətt” - oynaya bilməyəcəyim roldur.

- Ssenari daha vacibdir, yoxsa fərqi olmamalıdır, əsas obrazı necə canlandırmaqdır ?

- Mənim üçün birinci növbədə vacib olan materialdır, ssenaridir. Əsər insanı həyəcanlandırmalıdır, sonra da sən ora nəsə qatmalısan, yeni bir söz deməyi bacarmalısan. Bunlar yoxdursa, heç.

- Bəs hansında daha rahatsınız: Aparıcı, yoxsa aktrisa?

- Açığı, bu iki sahənin içində o qədər qaynayıb-qarışıb, doğmalaşmışam ki, bu suala qəfil cavab vermək çətin oldu. Heç bir fikrim yoxdur.

- Bəlkə anlıq olaraq deyəsiniz? İlk ağlınıza hansı gəlir?

- Onda belə deyim. Mən sıradan aparıcı deyiləm, aktrisa-aparıcıyam. Hər ikisi mənim üçün eyni dərəcədədir. Həm monoloqlar söyləyən, həm də “stand-up” edən yeganə aktrisa-aparıcıyam. Bunu da danışa-danışa müəyyən etdim (gülür).