“Sən nə vaxt sənətkar oldun?” - Əməkdar artistdən Röyaya şok sözlər

“Sən nə vaxt sənətkar oldun?” - Əməkdar artistdən Röyaya şok sözlər

Şou Biznes | 05.06.2025 19:17 | 5804 baxış

Lent.az-ın müsahibi Əməkdar artist Vahid Əliyevdir.

- Meyxanaya qulaq asırsız?

- Əlbəttə. Həm dinləyirəm, həm də yazıram. Mən bakılıyam. Bir dəfə bakılı olduğumu sınamaq üçün qafiyə verdilər. Necə cavab verdimsə, dedilər ki, Vahid, bizim daha sözümüz yoxdur. Mənim şeirlərimə mahnı yazılıb.

- Teatr fəaliyyəti necə gedir?

- Xəstələnənə qədər teatrda oynayırdım. Özü də çox nadir hallarda dublyorum olub. Aktyorlar deyirdilər ki, Vahid səhnədə elə şeylər edəcək ki, biz qalacağıq kənarda. Azərbaycan televiziyasında ilk reklama çəkilən aktyor mən olmuşam. Artıq hər şeyə çox adi baxıram. 46 yaşım olanda kliniki ölüm keçirmişəm.

- Ümumi Azərbaycan teatrı ilə bağlı vəziyyət necədir?

- Azərbaycanda teatr yox dərəcəsindədir. Bəlkə, kimsə üçün var, amma mənə görə yoxdur. Axı mən nəhəng müəllimlər görmüşəm. Bu elə sahədir ki, gərək hər şeydən məlumatın olsun, ciddi mütaliə lazımdır. Mən tələbə vaxtı saatlarla kitab oxuyurdum, ingilis, fransız ədəbiyyatını mütaliə edirdim. Sonra keçdim fəlsəfəyə, daha sonra dinə...

- Sizə görə, din nədir?

- Oxuyandan sonra dindən uzaqlaşdım. Çünki özümə bir sual verdim: din nədir? - Din barbar insanları xof altında saxlamaq üçün düşünülmüş vasitədir. Sənin mollaların demir ki, Allahı sevirsənsə, günah etmə. Deyirlər ki, Allahdan qorx, günah işləmə. Bir dəfə yas məclisində idim. Mollaya dedim ki, bayaqdan adını çəkdiyiniz Allahı mənə göstərin. Üzüm talvarının altında oturmuşduq. Dedi, yuxarı bax, yarpaqlara. Orada ən yaşıl yarpaq necədir? Dedim, çox gözəl. Dedi, bax, harada gözəllik varsa, orada yaradanın siması var. Qalxıb mollanın alnından öpdüm, dedim, çox sağ ol, mən də belə fikirləşirdim.

- Azərbaycanda nəyi ciddi problem hesab edirsiz?

- Bizim ən böyük problemlərimizdən biri savadsızlığımızdır. Mütaliə etmirik. Açıb televiziyalara baxın. Guya komediya oynayırlar. Bu bədbəxt hələ bilmir ki, komediyanın hansı janrını oynayır. Sən bunu bilmədən, necə oynayırsan? Bizim cəmiyyət təbəqələrdən ibarətdir. Birinci kasıb təbəqə, ikinci orta, üçüncü isə ziyalı təbəqəsi sayılır. Orta təbəqə ziyalıları udub, öz gününə qoyub. 

- Kimdir bu orta təbəqə?

- Savadsız və öz cibini güdən adamlar. Bir dəfə metroda məndən soruşdular ki, Vahid müəllim, bu millət haqqında nə deyə bilərsən? Dedim, heç nə. Dedi, necə yəni, siz axı ziyalısız... Dedim, bir millətin ki, atalar sözü "Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli" ola, mən nə deyə bilərəm ki? Peyğəmbər deyib ki, çox millət çox şeyin düşkünüdür. Lakin mənim hümmətim bir var-dövlət, bir də qadın hərisidir.

- Siz özünüz də tez-tez televiziyalara çıxırsız. Televiziyaların şoulaşması, bayağı səviyyəyə gəlir... Bununla bağlı fikir bildirmisiz?

-  Mən ARB-ə baxıram arada. Qız hava haqqında veriliş aparır. Danışa bilmir. Nəvəm ondan təmiz danışır. Sən 1970-ci illərdə televiziyaya çıxa bilərdin? Yox. Amma indi açıq qapıdır. Uşaq onlardan nə götürəcək? Bizim bir Xalq Artistimiz var - Röya Ayxan. Hansı səviyyənin adamıdır? Ataların bir sözü var, atan soğan, anan sarımsaq, sən haradan gülməşəkər oldun? Röya bizim dəyərli sənətkarımız Ayaz Salayevə hörmətsizlik etdi. Sən nə vaxt sənətkar oldun?

- Müasirləşən, Avropalaşan dünya ilə aranız necədir?

- "Tesla"nın qurucusu İlon Mask öz oğlundan imtina edib. Bilirsiz niyə?

- Bəli, cinsiyyətini dəyişmişdi.

- Bir gün Zaurun verilişində idim. Zaur dedi, avropalaşmaq-filan. Dedim, Zaur, bəsdi. Nə avropalaşmaq salmısız. Dədə-babalarımızdan nə gözəl adətlər qalıb. 5 yaşlı oğlan uşağına bağçada yubka geyindirirlər ki, böyüyəndə arvadının qədrini bilsin. O uşaq nə olacaq? Böyüyənə qədər özü anabala olacaq. Mirmövsüm Nəvvab ailədə kişi necə olmalıdır, onu çox gözəl izah edib.

Paylaş:

🔁 Oxşar xəbərlər

📣