“Mən sadəcə jurnalist peşəsinə hörmətimdən susmuşam”.
Jurnalist Səidə Bəkirqızı onun haqqında yazılan başlığa görə Əməkdar jurnalist Ləman Ələşrəfqızı ilə arasında yaranan qalmaqala münasibət bildirib. Jurnalist həmkarının onun barəsində işlətdiyi “quşladı” ifadəsini tənqid edib və buna sərt cavab verib. O bildirib ki, əməkdar jurnalistdən bu cür münasibət gözləməyib:
“Heç ağlımdan da keçməzdi ki, Ləman Ələşrəfqızı belə bir başlıq yaza bilər ki, onun ekranına baxış olsun. Üzr istəyirəm ifadəmə görə, amma demək məcburiyyətindəyəm. Özünə yaraşdırır yazsın ki, Səidə Bəkirqızı da quşladı? Ləman Ələşrəfqızı Azərbaycanın Əməkdar jurnalistidir, ANS məktəbi keçib. Bilmirəm, bəlkə də quşları çox sevir, ona görə bu sözü yazıb. İndiyə qədər bir neçə dəfə mənim haqqıma girmisiniz, məni təhqir etmək üçün şərait yaratmısınız, amma susmuşam. Yaşca məndən böyük və həmkarım olduğunuz üçün susmuşam. Bu dəfə isə başa düşdüm ki, susmağımı haqlı olduğunuz kimi qəbul etmisiniz. Mən sadəcə jurnalist peşəsinə hörmətimdən susmuşam. Yalan başlıq çıxarmaq, ‘quşladı’ yazmaq da Əməkdar jurnalistə yaraşmaz. Dediyim sözü təhlil edə bilməməyiniz də Əməkdar jurnalistə yaraşmadı”.
Qeyd edək ki, Səidə Bəkirqızının uşaq pulu barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olmuşdu. Ləman Ələşrəfqızı da həmkarının fikirlərinə münasibət bildirmişdi. Bəziləri Səidənin "Uşaq pulu istəyən kişi əxlaqsız qadından betərdir" ifadəsini səsləndirdiyini irəli sürmüş, jurnalist isə fikirlərinin doğru anlaşılmadığını iddia etmişdi.