Mən ərimə “mama” deyirəm - Ofeliyadan şok etiraf

Mən ərimə “mama” deyirəm - Ofeliyadan şok etiraf

Şou Biznes | 26.06.2025 00:57 | 6 baxış

Ofeliya Şabanovanın Lent.az-a müsahibəsini təqdim edirik.

- Ofeliya xanım, şou-biznesin içinə birdən-birə bomba kimi düşdünüz. İndiyə qədər harada idiniz?

Əslində, 12 yaşımdan toylara gedirdim. 23 ildir sənətdəyəm. 12 yaşımdan oxumağa başlamağımın, ana-ata qulluğunda durmağımın səbəbi var idi. Kasıb bir ailədə dünyaya göz açdım. Balakənin Bedağar kəndində doğulmuşdum. 4 uşaq idik. Anamız xərçəngə tutuldu, 47 yaşında dünyasını dəyişdi. 13 yaşımdan bacı-qardaşlarıma analıq elədim. Uşaq anadan yetim qalır, atadan yox. Anamız rəhmətə gedəndən sonra çox çətin oldu. Atam gəncliyində pəhləvan olub, kəndir üstündə gəzirdi. Kənd yerində iş yox, dolanışıq çətin. Mən də Allahın verdiyi bu nemətdən, səsimdən istifadə eləməyə başladım. Bəzi ifaçılar deyirlər ki, səhnəyə əziyyətlə gəlmişəm. Amma heç kim mənim qədər əziyyət çəkə bilməz.

- Nə olub çətinliyiniz?

- Müğənnilərin 90 faizi sponsorla gəlib, onların hesabına ortalıqda bərq vururlar. Mən tək başına oldum. Bir ərim, bir də şairə Sahilə Pənahın sayəsində səhnədəyəm. Sahilə Pənah indi məndən inciyib, amma nə eləsə haqqı var. 16 yaşımda ərimlə tanış olub evləndim, həyatımın yükünü çiynimdən aldı, məni quyudan çıxartdı. İndi çox xoşbəxtəm, 2 oğlum var. Ceyhun 14, Yusif 8 yaşındadır.

- Oğlunuza ərinizin adını qoymusunuz?

Bəli. Həyat yoldaşım mənim üçün yerdəki Allahdır, Allahdan sonra həyat yoldaşım. Allahdan sonra ona baş əyirəm. Ona görə hər kəsi silib ata, hamının üstündən xətt çəkə bilərəm. Ətrafımızda olan hər kəs bilir, mən ərimə mama, ana deyirəm. Birdən yadımdan çıxır, adam arasında da deyirəm, deyir camaat eşidir nə edirsən?

- Ərinizə niyə ana deyirsiniz ki?

- Çünki anamı çox istəmişəm. O da mənə evlənəndən sonra ana qayğısını hiss etdirib, hər şeyim olub. Yoldaşım kömək etdi, Bülbül adına orta ixtisas məktəbini bitirdim, amma sonra Pedaqoji Universitetə daxil oldum. İlk ustadım da həyat yoldaşım olub. Oxumasa da musiqini məndən yaxşı bilir.

- Oxuma desə, sənəti atacaqdınız?

- 2 il oxumağıma icazə vermədi, oxumadım. Amma elə bərk xəstələndim ki, həkimə aparmalı oldu. Depressiyaya düşmüşdüm. Dedi bu qızın səsini əlindən almısan, qoy oxusun düzələcək. Başladım yenidən oxumağa və hər şey keçdi getdi. Anamdan sonra həyatımda ən çox rol oynayan insan o olub. Bu yaxınlarda bir ağır xəstəlikdən keçdim. Düzdü, media yazdı ki, məndə xərçəng tapılıb, Allaha şükür, xoşxassəli şiş oldu, bəd deyilmiş. Düşmənlərim elə bildi, öləcəm, amma ölmədim, əfsanə geri döndü. Xəstələnəndə gördüm ki, bu həyatda dost, yoldaş, bacı, qardaş hamısı özünədir. Elə bildilər öləcəm, maraqlanan olmadı, sağalandan sonra yazanlar mənə lazım deyil.

- Kimdir ki, sizin düşmənləriniz?

Adamın düşməni yaddan olmur, doğmalarından olur. Amma indi onların adlarını çəkib reklam eləmək istəmirəm. Canımdan, qanımdan olan adamlar idilər. Arxadan zərbə vurdular mənə. Yoldaşıma böhtan atdılar, bir nəfəsdə sildim. Nə zaman gəlib ondan üzr istəyərlər, bəlkə, onda bağışlayaram. Mən bağışlamağı bacarmıram. Mən Allahdan sonra həyat yoldaşımdır deyirəm, ona görə bütün dünyanı qarşıma alaram.

- Yoldaşımın ayağını yuyuram deməklə dilə-dişə düşdünüz.

- Yoldaşımın ayağının, ayaqqabısının tozuna qurban olaram. Bu söz niyə trend oldu, anlamıram. A balam, qadın yoldaşının ayağını yuyar da. Hər gün corablarını özüm geyindirib işə yola salıram. Onurğasında problem yaranmışdı. Onu əzizləyə-əzizləyə özüm yuyundururdum, kim eləməlidir ki, bəyəm? O evə gəlmədən biz evdə süfrəyə əl uzatmırıq. Süfrə açılmır. Mənim ailəm mənim dünyamdır və həyatda mənə hər şeydən əzizdir. Deyirlər, bəlkə, əri imkanlı kişidir, ona görə onu belə sevir. Yox, adi dövlət məmurudur. Əsəbiləşəndə üzünü görmə. Mən onun dilini bilirəm. Amma onun üstümdə haqqı var və ona belə sevgi göstərirəmsə, bu sevgini o özü qazanıb. Ondan sevgi gözləməmişəm, qadın özü-özünü sevdirməlidir. Öz əməlləri ilə. Qadın kişinin güzgüsüdür. Qadına baxıb onun ərinin necə biri olmasını anlamaq olar.

Onun səhvi də mənim üçün düzdür. Əsəbi olanda cavab vermirəm. Hirsi soyuyandan sonra deyirəm bəlkə filan məsələni elə yox belə eləsək yaxşı olardı. O da etiraz eləməyib.

 

Paylaş:

🔁 Oxşar xəbərlər

📣

📣