Müzakirə olunan verilişlərlə bağlı qərar verildi: "Yeni mövsümdən..."

02 İyul 2024
6683d41e529dc202407241910
1306

Təqribən 3 ay öncə Prezident Administrasiyası tərəfindən ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinə kanalda yayımlanan bəzi verlişlərlə bağlı xəbərdarlıq edildiyi deyildi. 

Qeyd edildi ki, ictimai narazılıq və narahatlıq doğuran "Bizimləsən", "Elgizlə izlə", "Səni axtarıram", "Həmin Zaur", "Gəl danış", "Yaxşılığa doğru" kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. 

Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bildirilərək ən qısa zamanda tədbir görülməsi tələb olundu.

Bütün bunlara baxmayaraq, verilişlərin məzmununda hər hansı dəyişiklik müşahidə olunmadı. Onların bəzisi efir saatını azaltdı, bəzisi özünə əlavə veriliş açdı. 

Cəmiyyətdə səsləndirilən iddialardan biri də yeni mövsümdə sözügedən aparıcıların telekanaldan birdəfəlik uzaqlaşdırılacağı idi. 

Show.az xəbər verir ki, "Yeni Sabah" məsələnin təfərrüatını öyrənə bilib.  Tənqid hədəfi olan həmin telekanalların birində çalışan nüfuzlu mənbə saytımıza açıqlamasında bildirib ki, bu iddialar yeni mövsümdə özünü doğrultmayacaq.

Onun sözlərinə görə, özəl telekanalların rəhbərləri sözügedən verilişlərə alternativ tapa bilməyiblər. Ötən müddət ərzində bir neçə yeni layihə müzakirə mövzusu olsa da, onların heç birinin yüksək reytinq gətirəcəyinə əminlik yaranmayıb. Oxşar süjet xəttinə malik olan həmin verilişlərin alternativini yaratmaq mümkün olmayıb. Nəticədə, hazırda reytinqinə görə ilk sıralarda qərarlaşan "Bizimləsən", "Elgizlə izlə", "Səni axtarıram", "Həmin Zaur", "Gəl danış", "Yaxşılığa doğru" verilişlərinin yayımının gələn il də davam etdirilməsinə qərar verilib. 

Məlumatlı şəxs deyib ki, gözdən pərdə asmaq üçün müəyyən kosmetik dəyişikliklərin edilməsi nəzərdə tutulub. Burada söhbət studiyaların dizaynının dəyişməsindən, cəmiyyətdə mənfi reputasiyaya malik olan ekspertlərin uzaqlaşdırılmasından və verilişlərin efir saatının qısaldılmasından gedir. 

Qərara alınıb ki, sözügedən kosmetik dəyişikliklər avqust ayının əvvəlindən etibarən tamaşaçılara "inqilabi dəyişiklik" kimi təqdim olunsun. 

Sonda mənbə gözləntilərin əksinə olaraq, Zaur Baxşəliyev, Lalə Azərtaş, Xoşqədəm Hidayətqızı, Zaur Kamal və Elgiz Əkbər kimi aparıcıların yeni sezonda tamaşaçıların qarşısına təkrar çıxacağını bildirib.