Müşfiq Şahverdiyev iki ildir oğlunu görmür - Foto

05 Oktyabr 2024
6700527d424aa202410243925
1217

Tanınmış aktyor Müşfiq Şahverdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Müşfiq bəy, Elməddin Cəfərovla yeni seriala çəkiləcəksiniz. Serial haqqında məlumat verməyinizi istərdik.

- Elməddin Cəfərovla “Tək səbir” verilişindən 23 il sonra ilk dəfə bir araya gəldik. Bu serialdan gözləntilərimiz yüksəkdir. Elməddin Cəfərovla Müşfiq Şahverdiyevin layihəsi necə olacaq - hamıya maraqlıdır. Serialın adı “Qara-qura işlər”dir. Adından da məlumdur ki, serialda qara-qura işlər olacaq.

Serial ATV kanalında yayımlanacaq. Bu günlərdə ilk məşqə başlayacağıq. Ekran əsəri həftədə bir dəfə yayımlanacaq.

- Xəzər TV-də yayımlanan “Komedixana” verilişindən ayrılmağınıza səbəb nə idi?

- Keçən ilin dekabrında “Komedixana”dan ayrıldım. “Komedixana” yaranandan orada iştirak edirdim. Arada ayrıldım, sonra yenə qayıtdım. Kiçik problemlər olmuşdu. Televiziyanın köhnə rəhbərliyi ilə yola gedə bilmirdim. Ona görə müəyyən vaxt layihədən uzaqlaşmalı oldum.

Televiziyaya xalq artisti Murad Dadaşov rəhbər təyin ediləndə vəziyyət dəyişdi. Onunla çox yaxşı münasibətimiz var. Murad Dadaşov məni dəvət etdi və “Komedixanada”da yenidən fəaliyyətə başladım. İki ildən çox orada fəaliyyət göstərdim.

“Komedixana” komandası ilə düşmən deyiləm. Hamıyla dost münasibətləri saxlayıram. Sadəcə yoruldumsa və üstəlik özümü də orada görmürəmsə, həmin layihədən uzaqlaşıram. Bu o demək deyil ki, kiminləsə yola getməmişəm, pis rəftar görmüşəm və ya başqa bir çətinliyim olub.

“Komedixana”nın üzvləriylə bugün də danışırıq, görüşürük, münasibətimiz əladır. Sadəcə qeyd etdiyim kimi sıxıldığımı hiss etdim.

Orada işləyən uşaqların hamısı bilir ki, mənim bir neçə işə imza atmaq qabiliyyətim var. Film sektorunda 2014-cü ildə borc-xərc pul tapdım, film çəkdim. Orada çalışanlardan bir neçəsi filmimdə iştirak etdi. Məsələn, Ənvər Abbasov həm ssenarist, həm də aktyor kimi filmdə yer aldı.

- Deyilənə görə, “Komedixana”da qonorar yüksəkdir...

- “Komedixana”da hər aktyorun özünün qonorarı var. Mənim qonorarım yaxşı olub, narazı qalmamışam. Ümumiyyətlə, deyim ki, nə qonorara görə, nə söz-söhbətlə, nə də dava-dalaşla oradan uzaqlaşmışam. Sadəcə konsertdən sonra hiss elədim ki, yenilik axtarmalıyam. Beləcə, “Komedixana”dan istirahətə getdim.

İstirahətdən sonra film üçün ssenari yazmağa başladıq. İndi də gözəl bir təklif gəldi. Bu, mənim üçün yenilikdir. Elməddin Cəfərovla 23 il sonra bir araya gəlməyimiz maraqlıdır. Hər ikimiz serialda baş rolda olacağıq. Bir çox tanınmışlar çəkiləcək. Keyfiyyətli serial təqdim etməyi düşünürük.

- Yeni mövsümdə "Xəzər" televiziyasında “Biş-düş” adlı verilişiniz davam edəcəkmi?

- Mən çalışıram ki, çalışdığım iş yerləri ilə heç vaxt münasibəti bitirməyim və itirməyim. Verilişimiz sezon finalına çıxdı. İnşallah, "Xəzər" televiziyasında yenidən verilişimiz yayımlanacaq.

Yeni mövsümdə fərqli bir veriliş də ola bilər. İnanıram ki, kanal rəhbərliyinin mənimlə bağlı fikri düşündüyüm kimidir. Çalışıram, iş yeri ilə danışım ki, mənim üçün çərçivə yaradılmasın. Başqa yerdə də işləyim və oradan da qazanım.

Dörd-beş il sonra bu enerjidə işləyə bilməyəcəyik. İmkan varkən çalışaq. Bəzi şirkətlər var ki, səni özəlləşdirmək istəyirlər. Sən bu şirkətdə fəaliyyət göstərirsənsə, başqa yerdə filmə çəkilə bilməzsən. Bu, düzgün deyil.

- Xarici ölkələrdə və qardaş Türkiyədədə də bu sistem var. Aktyorla müqavilə bağlanır və ona yüksək qonorar təqdim edilir. Amma Azərbaycanda bu sahə hələ təkmilləşməyib.

- Bəli. Bu sistemi həyata keçirmək istəyirsənsə, həyata keçir. Amma iki-üç layihə təqdim et və hər layihəyə 10-15 min manat pul ver. Bu aktyor da xarici məşhurlar kimi yaşasın. Sən on layihə təqdim edib, xaricdəki bir layihənin pulunu verirsənsə, düzgün deyil. Bu səbəbdən də bu kimi qadağaların əleyhinəyəm.

Aktyor harada istəyir işləsin pulunu qazansın. Yox, əgər istəyirsənsə aktyor yalnız sənin şirkətinin əməkdaşı olsun, onda yüksək qonorar ver və o, başqa yerdə çalışmağa ehtiyac duymasın.

- Film istehsalçısı, “Cinemazadeh”in direktoru Cəfər Axundzadə ilə məhkəmə prosesində uduzdunuz. Qərara əsasən, qarşı tərəfə 26 min manat təzminat ödəməlisiniz.

- Məhkəmə hələ də davam edir, proses bitməyib. Bizim Cəfər Axundzadə ilə bir yox, iki-üç məhkəməniz var. Məhkəmənin biri bitib, biri yox. Bunu Cəfər Axundzadə davam etdirir, mən də heç bir reaksiya vermirəm. Qoy nə qədər boş vaxtı var, məşğul olsun...

Məhkəmələrin yerinə layihələr üzərində işləsəydik, daha səmərəli olardı. Mən hətta Cəfər Axundzadə ilə barışmaq da istədim ki, məsələləri yoluna qoyaq. O mənimlə razılaşmadı. Nahaqdan təzminat məsələsini irəli sürüblər. Hansısa səbəbdən iş uzanır. Mənə filmə çəkilmək üçün beh verilib. Müqavilə bağlanılıb və bəndlərin birində qeyd edilib ki, heç bir ekran əsərində çəkilə bilməz. Mənim heç yerdə işləməyimə icazə vermir və üç ildən sonra da deyir ki, pulumu geri qaytar. Məndən behini geri istəyir.

Təbii ki, dövlətimizin qanunu var. Mən işimi davam etdirirəm. Görək iş nəticə etibarilə hara qədər gedəcək. Məhkəmə prosesinin sonunu gözləyək, amma işlərimə davam edirəm. Allahın köməyi ilə haqq-ədalət yerini tapacaq. Əlimdə sübutlarım var.

Hətta onu da bildirim ki, qarşı tərəfə barışıq əli uzatdım və dedim ki, gəl film çəkək. Cəfər Axundzadə razı olmadı. Dedi ki, pulu qaytar. Bu, düzgün deyil.

- Yeni serialdan əldə edəcəyiniz qonorarı açıqlaya bilərsiniz? Bildiyimizə görə, komediya aktyorları arasında ən yüksək qonorar alanlardan biri sizsiniz.

- Məbləği açıqlaya bilmərəm, amma bizim zəhmətimizi normal qiymətləndirirlər. Ona görə də qonorarımzdan razıyam. Allaha şükür, bizi bu sahədə həmişə yüksək qiymətləndiriblər. Tamaşaçının sevgisini qazanmışıq və böyük kütləmiz var. Televiziya və film şirkətləri də ona uyğun qonorar təqdim edirlər.

- Bir müddət komediya janrında xeyli filmlər çəkildi. Amma film və seriallardakı yüngül zarafatlar, söyüşlər tənqid edildi. “Qara-qura işlər” serialında bu kimi hallara diqqət edəcəksinizmi?

Mən və Elməddin Cəfərov siz deyən halların əleyhinəyik. Serialın ssenari müəllifləri Azər və Elsəvərdir. Onlar da bizim kimi düşündüklərui üçün bacardığımız qədər göbəkdən aşağı zarafatlardan uzaq olacağıq. Düzdür, "Komedixana"da da o cür zarafatlar olurdu. Biz bu zarafatları pul qazanmaq üçün edirik.

Amma ekran qarşısında uşaqlarımız da var. Gərək özümüzün və ətrafdakı insanların uşaqlarını düşünək. Həttə biz müzakirə etmişik ki, “TikTok” platformasında və digər sosial şəbəkələrdə gündəmdə olan videolardan serialda istifadə etməyək.

- "TikTok" platformasından istifadə edirsiniz?

- Bir-iki dəfə “TikTok”-a daxil olmuşam, amma istifadə etmirəm. Hətta “TikTok”u izləyən uşaqları görəndə narahat oluram. Düşünürəm ki, bu platforma uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Hətta real həyatda söyüşdən istifadə etməyən şəxs “TikTok” platformasına daxil olduqdan sonra söyüş söyməyə başlayır.

- Sizin üçün Azərbaycanın üç ən güclü komediya aktyoru kimdir?

- Mənim üçün üç ən güclü komediya aktyorları Elməddin Cəfərov, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovdur.

- Özünüzə rəqib gördüyünüz aktyor varmı?

- Hər bir aktyorun öz üslubu, dəst-xətti var. Komediya aktyorları kimi güldürmək üslubumuz da fərqlidir. Məsələn, Elməddin Cəfərov Rafael İsgəndərov və Coşqun Rəhimovdan fərqlidir.

- Bəs, həmkarınız Fərda Xudaverdiyev ilə münasibətiniz necədir?

- Münasibətlərimiz mənfi 35 dərəcədir. Əvvəlkilərdən fərqli, indi sadəcə "salam-sağ ol"...

- Aranızda nəsə baş verib?

- Xeyr, heç nə olmayıb... Bu haqda ondan soruşmaq lazımdır. Deyəsən, onda nəsə olub. Biz tərəfdə heç nə baş verməyib, nə məndə, nə də Elməddin Cəfərovda. Fərda Xudaverdiyev bizimlə münasibəti kəsdi, biz də eyni addımı atmalı olduq.

- Bir müddət əvvəl mediadan uzaqlaşdınız. Buna səbəb nə idi?

- Şəxsi həyatımla bağlı bəzi məsələlər olmuşdu. O haqda açıqlama vermək istəmirdim. Hər insanın özəl həyatı var. Yalnız mənim yox, milyonlarla insanın şəxsi həyatında heç kəsə demək istəmədiyi nələrsə baş verir. Həyatdır, olur, insanıq.

Hər birimiz ayrı-ayrı ailələrdən gəlmişdik. Bu gün boşanma hadisələri adi hal alıb. İnsanlar müasirləşib, texnologiya baxımından fərqli imkanlara sahib olublar. Əvvələr mobil telefonlar yox idi, ev telefonları vasitəsiylə əlaqə yaradılırdı. Xanımlar bilmirdilər ki, kişi hara getdi, hardan gəldi. Kişi evə gələndə deyirdi ki, işdən gəlirəm. Qadın da ona inanırdı və hər şey də axarında davam edirdi.

İndi xanımlar bütün günü İnstaqramda oturub, kişiləri güdürlər. Məsələn, məclisə gedirsən, 10 nəfər qonaq var, onlardan 4-ü xanımdır. Həmin xanımlar da kiminsə dostu, tanışıdır. Kimsə həmin məclisdən foto paylaşarsa, evdən səni izləyən xanım bunu görür. Bu isə problemə səbəb olur.

Yaxud tanınmış insansan, küçədə bir qız yaxınlaşıb şəkil çəkdirəndə bunu əsaslandırmaq çox çətin olur. Tanınmışların həyatındakı bu kimi problemlər sonda ailəsinin dağılmasına gətirib çıxarır.

- İkinci dəfə ailə qurmağı planlaşdırırsınızmı?

- Qismət. Nə "hə", nə "yox" deyə bilərəm. Zaman göstərəcək. Bəlkə də həyatıma subay davam edəcəm. Yaxud məni anlayan, başa düşən bir xanıma rast gələcəm. Bu haqda heç nə deyə bilmərəm.

- Bir oğlunuz var, övladınızla münasibətiniz necədir?

- Muradla telefon vasitəsiylə əlaqə saxlayırıq. İki ildir Muradı görmürəm, Ukraynada yaşayır. Artıq gələn il məktəbə gedəcək, inşallah.

- Qarşıdakı serialla yanaşı yaradıcılıqda daha nə kimi planlarınız var?

- Üç film çəkmişəm, "My name is İntiqam 1", "My name is İntiqam 2" və "Gizlənpaç". Allahın köməyi ilə dördüncü filmi çəkməyi də planlaşdırıram. Artıq hazırlıqlara başlamışıq.

- Yeni filminizdə daha çox tənqidə, yoxsa tərifə hazırlaşırsınız?

- Tənqid də ola bilər, tərif də. Hər ikisini normal qəbul edirəm. Əsas odur ki, yenə də öz ağlımla hərəkət edirım. Bu sahədə ilk kommersiya xarakterli filmi çəkən biri kimi tamaşaçıların nəyi qəbul edib-etmədiyini bilirəm. Bilirəm ki, yeni filmimdə tənqidlər də olacaq.

Bizim sahədə səni istəməsə də özünü səni istəyən kimi göstərənlər var. Üzünə "filmin möhtəşəmdir" deyib, qala gecədən çıxandan sonra çayxanaya gedib, "bu, nə film idi" söyləyənlər də olur. Ona görə heç kimin fikri mənim üçün həlledici deyil.

Foto: Elnur Muxtar