Məşhur heykəlin Bakıda çılpaq olmasının səbəbi bilindi - Foto
Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.
“Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədinin ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltmək olduğu bildirilir.
Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələr açıb.
Sənət əsərinin mənası isə bu cür izah olunur: Heykəldəki qadın sanki təbiətin gücünü və xam enerjisini tutur. Bu əsər insan və təbiət arasındakı güclü əlaqələri və bağları nümayiş etdirir və müasir cəmiyyətdə getdikcə çətinləşən Ana Təbiətlə əlaqə yaratmaq üçün mümkün olan hər şeyi necə etmək lazım olduğunu xatırladır.
Sosial şəbəkələrdə gedən müzakirələr zamanı qeyd edilib ki, sözügedən sənət əsəri digər ölkələrdə "paltarlı" formada olsa da, ölkəmizdə çılpaq təsvir olunub.
Elnur Poliqlot adlı istifadəçi: “Avropada geyinib bizdə lüt gəzən heykəl”.
Kənan Rövşənoğlu: “Qətər və Çini başa düşdük, hətta London və Nyu-Yorkda da heykəl çılpaq olmayıb, amma Bakıya gələndə soyundurdular. Belə görünür ki, Bakı təcrübə-sınaq mərkəzinə çevrilib”.
Nemət Tağıyev: “Eyni müəllif, eyni heykəl və fərqli şəhərlər. Məni qınamayın, bu yetimi deyəsən, gömrük bu günə qoyub. Ayıbdır, bunun üstünə brezentdən zaddan çəkin”.
Zaira Akifqızı: “Zarafat bir yana, camaatın heykəlini geyindirir, bizimkini soyundururlar. Bu nə ayrı-seçkilikdir belə?”
Zaur Əliyev: “Hər yerdə paltarlı olan bu heykəl bizə çatanda lüt oldu”.
Müzakirələrə aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq. Araşdırmamız nəticəsində məlum oldu ki, heykəltaraş “Təbiətin” gücü adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası heykəli “The Force of Nature II” adlanır. Əsərin hər iki versiyası dünyanın müxtəlif ölkələrində nümayiş olunub.
Xarici mətbuatda “Təbiətin gücü 2”nin izahı isə aşağıdakı kimi verilib: Heykəldəki bütün xırda detallar o qədər düşünülmüş şəkildə yaradılmışdır ki, ictimaiyyətə daha çox təsir etsin.
Belə ki, ana təbiəti təmsil edən qadının gözünü paltarları bağlasa da, o yenə dünyanı möhkəm şəkildə tutub saxlamağı bacarır. Lakin tamaşaçı kimi onun üz ifadəsini görməməsi bizi bədii niyyətlərin müxtəlif yozumları ilə qarşı-qarşıya qoyur. Məsələn, o, yer kürəsini rahatlıqla tutub və Ana Təbiət bizə hər şeyin onun əlində imiş kimi qüdrətli olduğunu göstərməyəmi çalışır? Ya da tamamilə çarəsizdir, sanki küləyin təsiri ilə sürüklənir və dünyanı çətinliklə saxlamış ola bilər.
Ölkəmizə nə üçün heykəlin birinci yox, ikinci versiyasının gətirilməsi ilə bağlı suala isə yəqin ki, Lorenso Kuinn cavab verə bilər. / Ölkə.az