Jurnalistə “burcutma” dedi, məhkəmədə 3 milyon itirdi - Keçmiş rəis barədə şok faktlar

22 Oktyabr 2024
6717cd3947b2c202410240513
307

 Lent.az “Bioqrafiya” rubrikasında Tağı Əhmədov barədə məlumat verir.

- Tağı Əhmədov harada və nə zaman anadan olub?

Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 

- Tağı Əhmədov harada ali təhsil alıb?

1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

- Tağı Əhmədovun karyera yüksəlişi barədə nə bilirik?

1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib.
1998-ci ildə Bakı Metropoliteninin rəisi təyin edilib. 16 il bu vəzifədə çalışan T.Əhmədov 27 fevral 2014-cü il tarixində işdən çıxarılıb. Ömrünün 45 ilini metroya həsr edib.

- Tağı Əhmədov hansı partiyanın üzvü idi?

O, Yeni Azərbaycan partiyasının üzvü idi. Bakı Metropolitenindəki rəhbər vəzifəni itirəndən sonra Tağı Əhmədov uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri vəzifəsini icra edib.
YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında bu vəzifədən də azad edilib. Əvəzində YAP onu partiyanın Veteranlar Şurasına üzv seçib.

- Tağı Əhmədov  metropolitendəki vəzifəsindən azad edildikdən sonra harada işləyib?
O, 2016-cı ildən Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutub. Universitetin dosenti olan Tağı Əhmədov həm də Tunellər və metropolitenlər, avtomobil yolları, nəqliyyat yollarında körpü və qurğular adlı 3 fəndən dərs deyib. Tağı Əhmədov 2 dərslik və 5 dərs vəsaiti, 6 metodik vəsaitin müəllifidir.

- Tağı Əhmədovun hansı fəxri adları olub?

Tağı Əhmədov “Əməkdar mühəndis” fəxri adı, “Şöhrət” ordeni ilə təltif olunub. Bundan başqa ona “Fəxri dəmiryolçu”, “Bakı meropoliteni veteranı” döş nişanları da verilib. 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.

-  Tağı Əhmədov nə qədər pensiya alırdı?

2020-ci ildə Tağı müəllim “Space” TV-nin “Sadə həqiqətlər” verilişində qazancını açıqlamışdı: dövlətdən 3640 manat pensiya, YAP-dan 1000 manat vəzifə pulu, universitetdən 1500 manat kafedra müdiri kimi maaş alır.

- Tağı Əhmədov hansı məsələyə görə məhkəməlik olmuşdu?

Tağı Əhmədovun adı dəfələrlə məhkəmə qalmaqallarında, pul söhbətlərində hallanıb.

Məsələn, 2014-cü ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat pulu hədə-qorxu yolu ilə aldığı sonradan “MTN işi” məhkəməsində ictimaiyyətə məlum olmuşdu. 2017-ci ildə bu iş üzrə məhkəmə qərarı elan olunanda Tağı Əhmədov zərərçəkmiş qismində tanınmadığından ona vurulan maddi ziyan da ödənilmədi. 2016-cı ildə manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılmışdı. 2020-ci ilin sonlarında mətbuat Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan 3 nəfərin cinayət işi üzrə məhkəmə işindən yazırdı.

- Tağı Əhmədov şeir yazırdı?

O,  Tağı Sadiq imzası ilə şeirlər yazırdı. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb, məşhurlaşıb...

Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.

Tağı Sadiqin yaradıcılığında məhəbbət mövzusu da geniş yer tutub. Onun yazdığı "Boş şeydi məhəbbət", “Göz yaşına dözmək olmur” adlı şeirlərə meyxanalar da bəstələnib. “Gözəlliyi gözdən salma, sevgilim”, “Gülüm, gözlə sən məni”, “Bir ömrün işığı” şeir  kitablarının müəllifidir.

- Tağı Əhmədovun dostları onun haqqında nə düşünürdülər, o necə xarakter sahibi idi?

Ömrünün bəlkə də yarıdan çoxunu metro tunellərində, yeraltı şəhərdə keçirmiş Tağı müəllimə onun ötkəmliyi, cəsarəti, özünəinamı və digər müsbət keyfiyyətləri bir simpatiya yaradırdı.

Mehriban, qayğıkeş ailə başçısı idi. Ailəsinə, ömür-gün yoldaşı Salatın xanıma, övladlarına hörmət və məhəbbəti hər addımda hiss olunurdu. Nəvələrini hədsiz bir məhəbbətlə sevir və əzizləyirdi.
Tağı müəllim el adamı, camaatın xeyrinə-şərinə yarayan adam idi. İştirak etdiyi istər rəsmi, istərsə də qeyri-rəsmi məclislərə bir şuxluq gətirərdi. Xüsusilə az təminatlı, sosial müdafiəyə ehtiyacı olan insanların, ailələrin tədbirlərində fəal iştirak edər, bu tədbirlərin bir növ ağsaqqalına, aparıcısına, sahibinə çevrilərdi. Onu hər yerdə görmək olardı. Hər yerdə arzu olunan və yeri olan adam idi. El şənliklərində ətrafına insanları yığaraq, böyük şövqlə “Şərur” yallısını  oynayardı. Tağı Əhmədov yerlibaz olduğunu gizlətmir, harada hansı naxçıvanlı ona müraciət etsə işə götürürdü.

- Tağı Əhmədovun neçə övladı var?

Onun iki oğlu, 5 nəvəsi var.  Oğlanlarından biri Xətai rayon Məhkəməsində, digəri Xarici İşlər Nazirliyində işləyir.

- Tağı Əhmədovun xəstəliyi nə idi?

Metropolitenin keçmiş rəisi ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. O, müsahibələrindən birində diabeti “aristokratların xəstəliyi” adlandırmışdı, onunla yola getdiyini bildirmişdi. Tağı Əhmədov bu xəstəliklə yanaşı, qan təzyiqi və “miyelit” (onurğa-beyin iltihabı) xəstəliklərindən də müalicə olunurdu. Son 2 ildə xəstəliyin ağırlaşması səbəbindən ayaqları tutulmuşdu, əlil arabasında gəzirdi. Tağı Əhmədova onurğa-beyin iltihabı diaqnozu qoyulub.

- Tağı Əhmədovun jurnalistlərlə münasibəti necə idi?
Tağı müəllimin bir sıra hallarda jurnalistlərə kobud davranışı ilə yadda qalıb. Bəzilərinə “burcutma”, bəzilərinə “nə vızıldayırsan”, “”bir-bir gəlin” deməsi dillərə düşmüşdü. Özü bir dəfə jurnalistlərin telefon zəngindən bezdiyini, onlara cavab vermək istəmədiyin etiraf etmişdi:

“Hamı nömrəmi biri-birinə ötürür. Zəng eləyir. Telefonu qaldırmıram. Sonra deyirlər “telefonu niyə götürmürsən?”. Telefon şəxsidir və mənimdir. Mən bunu götürə də bilərəm, götürməyə də"...

- Tağı Əhmədov nə zaman vəfat edib?

 “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov 18  oktyabrda 76 yaşında vəfat edib. O əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib. Mərhum Əhmədli qəbiristanlığında dəfn olunub. Onunla vida mərasimi Novxanıdakı evində baş tutub.