Hacı Nuran 1 milyon manatlıq hədiyyəni hansı pulla edib? - ŞOK İDDİA

21 Aprel 2024
66250bcc69eb8202404245124
3382

Azərbaycanlı xeyriyyəçi Hacı Nuranın Türkiyənin tanınmış aktyoru, “Kurtlar Vadisi” filmində yaratdığı “Zülfüqar ağa” obrazı ilə tanınan Xəlil İbrahim Kalaycıoğluya “Buggatti” hədiyə etməsi müzakirəsiz ötüşmədi.

Show.az xatırladır ki, “Buggatti” dünyanın  ən prestijli avtomobil markalarından biridir. O şəksiz dünyanın ən sürətli maşını sayılır. Hazırda Azərbaycanda “Buggatti” istifadə edənlərin sayı olduqca azdır. Ölkədə bu bahalı və sürətli maşına sahib olanlar bir əldəki barmaqların sayı qədər deyil. Bunun da çox sayda səbəbi var. Əvvəla, “Buggatti” çox bahadır, onun qiyməti 1 milyon manatdan başlayır. Digər səbəb isə odur ki, ölkəmiz bu sürətli maşını idarə edəcək yol infranstrukturuna sahib deyil. 

Ortaya sual çıxır: Heç bir yerdə işləməyən, rəsmi gəliri olmayan Hacı Nuran hansı pulla türkiyəli aktyora bu qədər bahalı avtomobil hədiyyə edə bilir? 

“Yeni Sabah” məsələnin təfərrüatını öyrənə bilib. Hacı Nuranın yaxın çevrəsinə daxil olan şəxslərdən biri “Buggatti” məsələsinə aydınlıq gətirib. Qeyd edib ki, hacı kiməsə 1 milyon manatlıq hədiyyə verəcək maddi gücə sahib deyil. Onun sözlərinə görə,  Hacı Nuranın missiyası birinin hədiyyəsini digərinə çatdırmaqdır. 

Məlumatlı şəxs deyir ki, Azərbaycanda pərəstiş etdiyi sənət adamına bir milyon manatlıq hədiyyə vermək iqtidarında olan şəxslər var. Amma onlar hədəfə tuş gəlməmək üçün bu hərəkətlərini publik şəkildə icra etmirlər. Belə məqamda onların köməyinə Hacı Nuran çatır. Onlar özlərinin bahalı hədiyyələrini Hacı Nuranın vasitəsilə sahibinə çatdırırlar. 

Həmsöhbətimiz ağlasığmaz iddia ilə çıxış edib. Bildirib ki, bu cür mərasimlər çox vaxt şəkil çəkdirməkdən o yana getmir:

“İnsanlar bir araya gəlib şəkil çəkdirir, sözdə hədiyyələrini təqdim edir, sonra da işlərinin arxasınca gedirlər. Adı da olur ki, filankəsə bahalı hədiyyə təqdim edildi. Filankəs həmin hədiyyəni ancaq bir dəfə - şəkil çəkdirəndə görür”. (yenisabah)