"Evdə yeməyim yoxdur, işsizəm" deyə elan verən oğlu ilə bağlı Rozadan sərt sözlər: "Dilənçidir"

06 Avqust 2024
66b205a5e6a56202408241445
2480
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov işsizlikdən şikayətlənib.
Show.az xəbər verir ki bu barədə Jerard sosial media hesabında yazıb. O, işsiz olduğunu, yeməyə pul tapmadığını açıqlayıb:
“4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm”.
Müğənni Roza Zərgərli “qafqazinfo.az”a açıqlamasında Jerardın yazdıqlarına belə reaksiya bildirib:
“Balaca oğlumun 26 yaşı var, hərbi xidmətdə olub. 22 yaşında himayəmdən çıxıb, çünki artıq həddi-büluğa çatmış oğlandır. İşlə də, hər şeylə də təmin etmişik. Bu insan dilənçiliyi, xalqa müraciəti daha üstün tutur, nəinki iş görməyi. İki qardaşdırlar. Böyük qardaşını da hamı tanıyır, 30 yaşı var. Əgər bir evin iki uşağından biri işləyir, məvacib qazanır və özünü dolandırırsa, 26 yaşında bir gənc bugünkü gündə Azərbaycanda bir işdə dayana bilmirsə, artıq problem həmin gəncdədir.
Dövlətimizdə bu dəqiqə işsizlik deyilən bir şey yoxdur. Dövlətimiz vaxtında hər ikisini evlə təmin edib. Mənim rayondan gələn qan qohumum olan elə uşaqlar var ki, həm təhsil alırlar, həm də işləyib öz gündəlik xərclərini qarşılayırlar. O gənclə bu gənc arasında nə fərq var? Yaş fərqi var. O gənclər daha körpədir. Bunun isə 26 yaşı var. 26 yaşlı gənc Azərbaycanda artıq ailə başçısı olur, nüfuzu olur. Bu insanın özünün psixoloji problemləri var. Bu haqda bir daha danışmayacağam. Allah hər şeyi görür”.
Qeyd edək ki, Jerardın qardaşı aktyor Corc Qafarovdur. R. Zərgərlinin Bənövşə adlı doğma qızı da var./bizim.media