Əməkdar artisti ərinin yanında dodağından öpdü - Görün ər necə reaksiya verdi
Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti İnarə Babayeva lent.az-a müsahibə verib.
Show.az müsahibənin bir hissəsini təqdim edir:
- Ailənizdə sizdən başqa musiqiçi var?
- Həyat yoldaşım musiqiçidir. Qızımın 20 yaşı var, yaxşı bəstəkar aranjemançıdır, amma kompüter mühəndisi olmağa qərar verib. 6 dil bilir. Oğlum 5 dil bilir, hələ 10 yaşı var. Yaxşı piano çalır.
- Özəl teatr yaratmaq arzunuz var?
- Belə fikrim var.
- 30 illik sənət həyatınız var dediniz. Yəqin ki, maraqlı xatirələr də az deyil.
- Xatirələr çoxdur. 2006-cı ildə "Zooluşka" tamaşasında rolu son anda mənə həvalə etdilər. Kostyum tikilməmişdi. Zooluşkanın bal üçün hazırlanıb bahalı geyimdə səhnədə görünməsi lazım idi, amma paltar tapılmamışdı. Dedim öz gəlinliyimlə səhnəyə çıxacam. Gəlinlik donumu, gəlinlik ayaqqabımı geyinib çıxdım. Ayaqqabım çox bahalı bir brendin məhsulu idi. Svarovski daşlarla bəzənmiş, par-par yanırdı. Tamaşa gedir, Zooluşkanın saraya bala getdiyi səhnə oynanılır, mən bəzənib-düzənirəm. O ayaqqabıları elə tutmuşdum ki, işıqların altında çox parlasın. Səhnə bitdi, paltarımı dəyişəcəkdim. O vaxtkı direktor müavini gəldi ki, ayaqqabıları ver. Dedi ki, zalda böyük bir məmurun balaca qızı oturub, sənin ayaqqabını tələb edir. Ayaqqabımı götürüb apardılar. Bir gün sonra qaytardılar.
1999-cu ildə Azərbaycan Akademik Musiqili teatrın rus bölməsində fəaliyyətə başladım. Rus bölməsində ilk azərbaycanlı aktrisa mən idim. Xalq artisti Afaq Bəşirqızı məndən soruşdu ki, sən niyə rus bölməsində işləyirsən? Dedim rus dilində oxumuşam, aksentim var. Qayıtdı ki, heç utanmırsan? "Sən azərbaycanlısan, öz dilində danışa bilmirsən? Ayıbdı".
Onun bu sözü məni necə silkələdi. O bilirsiz də, sözü nə şəkildə deyir. Zabitəsi var. Mən başladım Azərbaycan dilini mükəmməl öyrənməyə. Sonradan uşaqlarımı da orta məktəbə Azərbaycan dili sektoruna yerləşdirdim.
Bir dəfə də "Riqoletta"nı oynayırdım. Tərəf müqabilim Əli Əsgərov idi. Səhnədə məni bıçaqla vurub öldürməli idi. Sürüşdü, yıxıldı düz mənim üstümə. Başım yerə necə çırpıldısa, huşumu itirdim. Ssenariyə əsasən, o məni öldürməli və meyitimi kisəyə qoymalıydı. Mən özümdən getmişəm o elə bilib tərpənmirəmsə, meyit rolunu oynayıram. Amma ölmürəm. Durub oxumalıyam. Bir də eşitdim ki, tanış bir musiqi səslənir, ayılıb başladım oxumağa. Böyük təsadüflə öz partiyam səslənərkən ayıldım.
Bir dəfə də xaricdə "Bohema" da oynayırdım. Rola görə aktyor məni öpməli idi. Bakıda biz öpüşü imitasiya edirdik. Xarici aktyorla tərəf müqabili idim, heç gözləmədən məni həqiqətən dodağımdan öpdü. Çaşdım və uzun müddət özümə gələ bilmədim. Tamaşaçı zalında həyat yoldaşım da oturmuşdu və mənim çaşqınlığım üzümə yazılmışdı.
- Əriniz nəsə dedi?
- Yox, bəlkə həmin anı tamaşaçılar da imitasiya kimi görmüşdülər.
- Yaradıcılığınızda hansı yeniliklər olacaq?
- İki kitab yazıram. Oktyabrın 4 də Sona xanım Aslanovanın 100 yaşı münasibətilə kitabım çıxacaq. Fransadan, Tuluza Dövlət Operasından təklif almışam. Payızda bu əsərdə oynamaq üçün gedəcəm. 2 ay hazırlıqdan sonra "Riqoletta" tamaşasında oynayacam.
- Operada iş, rejissorluq, televiziya, kitab yazmaq, tələbə hazırlığı, universitetdə müəllimlik... Bu qədər işi necə çatdırırsınız?
- Gendən gəlmə çeviklikdir. Nənəmin 102 yaşı var, ölkəmizin ilk idmançı xanımlarından idi. 71 yaşında hündürdaban ayaqqabıda 3 saatlıq imtahanda məni qapı ağzında gözləyib. Həyat eşqi çoxdur. Həyat enerjim çoxdur, istəyirəm özümdən sonra xeyirxah əməlim, adım, faydalı işim qalsın. Bilim ki, ömür boşa getməyib.
Qeyd: İnarə Babayeva 1977-ci ildə Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil alıb, magistraturanı başa vurduqdan sonra 2005-ci ildə isə akademiyanın aspiranturasını fərqlənmə ilə bitirib. Opera və kamera ifaçısı, vokal müəllimi ixtisasına yiyələnib. Xaricdə və ölkəmizdə 30-dan çox operada əsas partiyaları ifa edib.