Cənubi Azərbaycanın fəxri "Traktor" ilk dəfə İran çempionu oldu - Video

02 May 2025
68150f5350ac1202505253043
571

Cənubi Azərbaycanın fəxri, dünyada ən çox azarkeş kütləsinə malik olan türk futbol klublardan biri "Traktor" bu gün tarix yazıb.

Təbriz təmsilçisi tarixində ilk dəfə İranın ən yüksək divizionunda çempionluğu rəsmiləşdirib.

"Traktor" qızıl medalları vaxtından qabaq təmin edib və bu gün Qəzvin şəhərində yerli  "Şams Azar"ı məğlubiyyətə uğradıblar: 0:4 

Səfər qələbəsi sayəsində "Traktor" xalını 64-ə çatdırıb. 56 xalla ikinci yeri tutan "Sepahan" paralel keçirilən "Qol Qohar"a qarşı oyunda uduzub və çempionluq şanslarını itirib: 1:2.

1970-cı ildə yaradılan "Traktor" heç vaxt İran çempionu ola bilməmişdi. Hazırda komandanı 56 yaşlı xorvatiyalı Draqan Skoçiç çalışdırır. Əsasən yerli futbolçulardan qurulan heyətdə 4 legioner - 3 xorvatiyalı və 1 portuqaliyalı oyunçu var. 

"Traktor"un ev matçlarını keçirdiyi "Yadigar e-Emam" stadionuna 66 mindən 100 minədək tamaşaçı yerləşə bilir. 

Azərbaycanda da xeyli fanatı olan "qırmızı-ağlar"ın azarkeşləri öz çılğınlıqları ilə seçilirlər. Daima stadionda azərbaycanca şüarlar səsləndirən fanatlar xüsusilə "Azərbaycan var olsun, istəməyən kor olsun" devizinə üstünlük verirlər.

İran Gulf Pro Liqası, XXVIII tur

20:00 "Şams Azar" - "Traktor" 0:4 

Domaqoy Drezdek, 2; 30; Amirhüsseyn Hosseynzadeh, 9; Rikardo Alveş, 84 -pen.

"Sardar Azadegan" stadionu. Qəzvin

"Sepahan" - "Qol Qohar" 1:2 / Offsideplus.az