Cəmiyyətdə cinsi aclıq var... - “Bunu əsasən kasıblar edir"

29 Mart 2024
6606c04dce36b202403242117
4660

“Cəmiyyətdə iki tip başlıqlı xəbərlər daha çox reytinq qazanır. Onlardan ilk sırada ölüm və qəza xəbərləri, ikinci sırada isə kimlərinsə cinsəl həyatı ilə bağlı olan məlumatlardır ki, bu da cəmiyyətdə cinsi aclığın olmasına işarədir”.

Bu sözləri psixoloq Gülnar Orucova “Yeni Sabah”a açıqlamasında bildirib. Onun sözlərinə görə, mənfi xəbərlər kasıb təbəqənin diqqətini daha çox çəkir:

“İki tip insan psixologiyası var: Varlı və kasıb. Bu tip xəbərlərə ən çox yönələn insanlar kasıblardır. Varlı təbəqənin başı hər zaman özünə qarışır. Onlar daim öz həyatlarını gözəlləşdirmək üçün nələrsə fikirləşməyə çalışır. Kasıblar isə həmişə özü ağa ola bilmədiyi problemlərdən danışıb, onları müzakirə etməyə çalışır.   

Buna sadə bir misal gətirmək olar. Belə ki, varlının evində hər hansı bir yerə balaca cızıq düşdüyü anda tez onu düzəltməyə, təmir etməyə çalışır. Ancaq kasıba baxırsan, evinin divar kağızları cırılıb-tökülür, evinin təmirini, uşaqlarının geyimini və s. təmin eləməyi fikirləşmir. Düşünür ki, siyasət nə yerdədi, hansı müğənni nə alıb, nə geyinib, nə ilə məşğuldur. Bu da ondan irəli gəlir ki, öz problemlərini həll edə bilməyən şəxslər başqa sahələrdə olan qüsurları axtarıb-tapmağa və qabartmağa meylli olur. Kasıblardan fərqli olaraq, varlı insanlarda qeybət, başqasının işinə qarışmaq, hər hansı problemi qabartmaq daha az olur. Kasıb təbəqə isə kimsə uğura imza atanda, yüksələndə o insanı ayağından çəkməyə, haqqında dedi-qodu etməyə başlayırlar. Bütün bunlar insanın öz içindəki arzuları həyata keçirə bilmədiyi halda ortaya çıxır. Bu zaman uğur qazanan insana qarşı qıcıq yaranır və onun mənfi cəhətlərini açıb-tökmək istənilir. İnsanın daxilində həll edə bilmədiyi problemlər, çata bilmədiyi arzular, əldə edə bilmədikləri nələrsə, belə hadisələrə rəvac verir”.

Psixoloq insanların mənfi xəbərlərə meylli olmasının həyatlarında yaxşı hadisələrə əngəl törətdiyini də vurğulayıb:

“Bu gün hər kəs öz işi ilə məşğul olsa idi, irəliyə gedə bilərdi. Ona görə də müəyyən bir təbəqə daim əli çatmadığı insanlar haqda olan məlumatları oxuyacaq. Çünki bu adamların beyni ancaq mənfiyə yönəlib. Onlar anlamır ki, mənfini axtardıqca, həyatında heç nə yolunda getməyəcək”.