"Boşanmış qadının kişi ilə münasibətinə əxlaqsızlıq kimi baxan cəmiyyətimiz var" - Nura Suri

26 Mart 2024
6602aa650d47a202403245845
2672

"Boşanmış qadının kişi ilə münasibətinə əxlaqsızlıq kimi baxan cəmiyyətimiz var”.

Bu fikirləri müğənni Nura Suri sosial şəbəkədə paylaşıb. O, daha sonra qeyd edib:

"Deməli, kiminsə cibinə girmək, rüşvət almaq, şər-böhtan atmaq, qeybət etmək əxlaqsızlıq deyil, amma həyatında sevgi ya seks varsa, əxlaqsızlıqdır. Beynim "error" verdi. 

Uşaq vaxtı ailəlikcə müharibə filmlərinə baxmaq normal idi, sevgi filmlərinə baxmaq anormal. Bütün problemlər elə o vaxtdan başlayıb. Adam öldürmək ayıb deyil, adam sevmək ayıbdır. 

İnsanın suya, havaya, yeməyə olan ehtiyaclarından biri də sevgi və seksdir. İnsan belə yaradılıb. Yəni sizin dünyaya gəlişiniz seksin ya da sevginin nəticəsidir. Di gedin bu fikirlə yaşayın indi. 

Həyat tərzinizlə düşüncələriniz, düşüncələrinizlə danışdıqlarınız o qədər fərqlidir ki, çoxunuz özünüzü bir şəxsiyyət kimi formalaşdıra bilmirsiz. 

Öz hisslərinizi dilə gətirməyə qorxursuz, fikirlərinizlə sözləriniz uyuşmur. Öz acizliyinizi sizdən güclü insanları şərləməklə, söyməklə ört-bastır etməyə çalışırsız. Kiminsə səviyyəsinə çatmağa yox, öz batağlığınıza salmağa çalışırsız. Hətta yazdığım bu statusu belə dərk etmə qabiliyyətiniz yoxdur bəzilərinizin. 

Özünüzü olduğunuz kimi təqdim etmək cəsarətiniz yoxdur. Hər kəsin yanında fərqli obrazlara girirsiz. Özünüzü olmadığınız kimi göstərməyə can atırsız. Hətta bəyənmədiyiniz geyimi belə dəb olduğuna görə alıb geyinə bilirsiz. Bütün günü onun bunun yatağını, şəxsi həyatını utanmadan müzakirə edirsiz adını da namus, qeyrət qoyaraq”.