Bakıda sinə əməliyyatından sonra biabırçılıq: Həkim əməliyyatdan çıxan qadın ilə... - Foto

05 Oktyabr 2024
670a9f6b4f0ac202410241019
3289

Bakıda əməliyyat etdiyi qızla sevgili olan plastik cərrahın başına iş gəlib.

Plastik cərrah "Badam" klinikasında çalışarkən əməliyyat etdiyi S.Tağıyeva (şərti soyadlı) adlı qızla sevgili olub və bir müddət qeyri-rəsmi ər-arvad kimi yaşayıb. Lakin daha sonra onların münasibəti pozulub və S.Tağıyeva həkimin Nizami rayonunda çalışdığı "Məlhəm" klinikasındakı kabinetinə basqın edərək ona hücum edib. Bu zaman gənc xanım həkimə stepler ataraq ona başından xəsarət yetirib, həmçinin masasının üzərindəki kağızları cırıb.

Hadisə yerinə polis gəldikdən sonra qızı sakitləşdirmək mümkün olub və o, polis şöbəsinə aparılıb. Bundan sonra S.Tağıyeva barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb.

Təqsirləndirilən şəxs ifadəsində artıq həkimlə barışdığını bildirib: "2022-ci ildə Səbail rayonunda yerləşən "Badam" klinikasında həkim E.Məmmədov (şərti soyadlı) mənə sinə əməliyyatı etdi. Əməliyyatla əlaqədar klinikaya gedib-gəlirdim və onunla aramızda sevgi münasibəti yarandı, qeyri-rəsmi ər-arvad münasibətində olduq. O mənlə evlənəcəyini bildirmişdi. Lakin sonra ayrıldıq. E.Məmmədov mənə verdiyi sözü tutmadığından və etdiyi əməliyyatdan narazı qaldığım üçün ona verdiyim pulu geri tələb etmək üçün 14 avqust 2023-cü il tarixdə işlədiyi "Məlhəm" klinikasına getdim. Bu zaman rəfiqəm Günel də yanımda idi. Təqribən saat 13 radələrində E.Məmmədov otağına daxil oldu. Bu zaman biz də onun arxası ilə otağa daxil olduq. Otaqda həkimin köməkçisi və digər bir xəstə qadın da var idi. Otağa daxil olduqdan sonra oradakı qadınlardan otağı tərk etmələrini xahiş etdim, lakin həkim heç kimin çıxmayacağını bildirdi və mənim otaqdan çıxmağımı tələb etdi. E.Məmmədovdan əməliyyat üçün ona verdiyim 5000 manat məbləğində pulu və müalicə xərclərini tələb etdim. E.Məmmədov mənə verəcəyi pulu olmadığını, gedib pulumu klinikadan tələb etməyimi bildirdi. O, mənimlə ucadan kobud formada danışmağa başladı. İş masasının kənarından ona yaxınlaşdım və ona təkrarən "ağzının danışığını bil, sən özünü kimə göstərirsən?" dedim. E.Məmmədov sağ bazu nahiyəmdən əli ilə itələdikdə, bel nahiyəm stolun üzərində olan sənədqabına dəydi və sənədlər yerə töküldü. Özümü müdafiə məqsədi ilə onun üzündən yüngülcə şillə ilə vurdum. Bundan sonra həkim otaqdan dəhlizə çıxdı. Onun arxası ilə getdim və getməməsini, ona sözüm olduğunu bildirdim. Məni dinləmədən uzaqlaşdı. Əsəbiləşdiyim üçün geri qayıdıb E.Məmmədovun masasının üzərində olan bəzi sənədləri cırdım. Daha sonra polis əməkdaşları gəldi, izahat vermək üçün polis bölməsinə getdik. Hazırda zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş ziyanı ödəmişəm, zərərçəkmiş şəxsin mənə qarşı şikayəti yoxdur. Mənim heç bir təqsirim yoxdur".

Zərərçəkmiş həkim də S.Tağıyevadan şikayətçi olmadığını bildirib və ona cəza verilməməsini xahiş edib. Nizami rayon Məhkəməsi S.Tağıyevanı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilib və ona 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə şərti hesab edilib. / Publika.az