Azərbaycan kinosundan çıxarılan ədəbsiz səhnələr - VİDEO

03 May 2024
6634c34737224202405245815
1866

Filmlərdə öpüşmə, qucaqlaşma və digər intim səhnələr tamaşaçılarda həmişə fərqli münasibətlər doğurub. 

Modern.az saytının məlumatına görə, Azərbaycan kimi müsəlman ölkəsində də belə səhnələr həmişə birmənalı qarşılanmayıb. Təsadüfi deyil ki, Azərbaycan filmlərində yer verilən erotik səhnələr həmişə ciddi müzakirələrə, hətta qalmaqallara səbəb olub. Uzağa getməyək, iki il öncə əksər KİV-lərdə və sosial şəbəkələrdə rejissor Yavər Rzayevin çəkdiyi “Ilahi məxluq” filmi ilə bağlı açılan müzakirələri yada salmaq kifayətdir.

Bu filmdəki erotik bir səhnə - çoban atanın rəssam qızı zorlaması səhnəsi əməlli-başlı səs-küy doğurmuş, geniş müzakirələrə səbəb olmuşdu. Belə müzakirələrə qoşulanların çoxu həmin səhnəni oynamış aktyor (Nurəddin Mehdixanlı) və aktrisanı (Vəfa Rzayeva) qınayır, tənqid edir və o kadrların Azərbaycan mentalitetinə zidd olduğunu vurğulayırdı.

İndi də çoxları belə düşünür ki, Azərbaycan cəmiyyəti nə qədər müasirləşsə, postmodernist dəyərlərə sarılsa da, sonda yenə də əxlaq məsələsində qırmızı xətti gözlənilməlidir. Bu, o cümlədən də milli filmlərə aid edilir. Cəmiyyətdə əksəriyyət düşünür ki, Azərbaycan insanının mentalitetini, dəyərlərini gözləyən qırmızı xətt filmlərdə mütləq gözlənilməli, erotik və seksual səhnələrdən imtina olunmalıdır. Hesab edirlər ki, bu cür səhnələrin olmaması ilə sənət heç bir zədə almır. Yəni azərbaycanlı rejissorlar açıq-saçıq səhnələr göstərməyə məcbur deyillər.

Doğrudur, bu fikirlərlə bir çox rejissorlar razı olmadıqlarını dəfələrlə ifadə ediblər. Amma razı olmasalar da, film çəkəndə erotik səhnələrlə bağlı kadrların hansı nəticələrə səbəb olacağını qabaqcadan təxmin edərək, bundan maksimum qaçmağa çalışıblar. Görünür rejissorlar tənqid, qınaq obyekti olmaq istəməyiblər.

Elə aktyor və aktrisalarımız da belə səhnələrdə çəkilməyə həvəsli olmayıblar.

Məsələn, 1971-ci ildə Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkilmiş “Gün keçdi” filmində erotik səhnə fikirləşsələr də, aktyorun təkidi ilə bundan imtina edilib.

Nəticədə “Gün keçdi”nin çəkilişləri ssenaridə olduğu kimi lentə alınmayıb. Çünki ssenarinin sonluğunu məşhur aktyor Həsən Məmmədov (Oqtay rolunun ifaçısı) qəbul etməyib və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalıblar. H. Məmmədov bununla bağlı xatirələrində belə demişdi:

“Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu”.

Bununla belə bəzi filmlərimizdə kiçik də olsa, erotik səhnələr var. Amma həmin səhnələr bir sıra hallarda ekrana çıxarılarkən yerli telekanalların rəhbərliyi tərəfindən "qayçılanıb".

Belə səhnələri çəkən rejissorlarımız isə məcburən həmin rolların qadın ifaçılarını Azərbaycandan kənarda axtrarmalı olublar.