“Atam heç bir sənət dostunun evimizə gəlməsinə icazə verməyib” - VİDEO

03 Aprel 2024
660cd78530242202404241357
6611

Mərhum Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva efirdə atası ilə bağlı xatirələrini bölüşüb.

Show.az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda kamança ustadının övladı qonaq olduğu “O üz” verilişində danışıb. 

Qızı mərhum sənətkarın kamançaya olan bağlığı və sevgisindən söz açıb:

“Yadımdadır ki, biz evdə olan zamanı atamın kamançası xarab olanda və ya ustaya ehtiyacı olanda o ustanı evə dəvət edirdi. Saatlarla, sutkalarla onun otağındakı qapı bağlı olurdu. İçəridə onlar kamança ilə əlləşirdirlər və onu düzəltməyə çalışırdılar.

Bu məqamların şahidi olmuşam. Habil müəllim o istədiyi səsi və ifanı ala bilməyəndə həyatı sanki sönürdü. O yeməyini də unudurdu. Günlərlə öz otağına qapılırdı. Anam rəhmətlik qapını döyüb deyirdi ki, öldün acından... Amma Habil müəllim eşitmək istəmirdi və bunu görməməzlikdən gəlirdi. Yəni o dərəcə də buna alüdə olurdu”.

Vəfa xanım bildirib ki, illər əvvəl H.Əliyevə sağlığında brilliant daşlarla bəzədilmiş kamança hədiyyə olub: 

“Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdirlər. Amma ondan istifadə etmirdi. O kamança muzeydəki kimi evdə qalırdı. Onun özünün kamançası var idi və onda ifa edirdi. Əslində onun çaldığı kamança yox, “ürəyi” idi. Ona başqa kamançanı verib ifa etməsini istəyəndə o, bunu edə bilmirdi. Yalnız öz kamançasını istəyirdi. Habil müəllim çox kaprizli, çətin xasiyyətli, çox həssas insan idi...”. 

Habil Əliyevin qızı vurğulayıb ki, atası heç zaman sənət yoldaşlarını evinə dəvət etməyib: 

“Bizim evimizə heç zaman incəsənət adamları gəlməyib. Buna o, heç zaman icazə verməyib. Atamın sənət dostları olub. Amma onlarla yalnız çöldə görüşüb. Atam heç zaman evə incəsənət adamlarını dəvət etməyib. Amma tək Ehtiram Hüseynov və Babək Niftəliyevi evimizə çağırıb. Çünki onlara öz övladı kimi baxıb. Bizim gördüyümüz elə onlar olub”. 

Qeyd edək ki, Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib. Ustad sənətkar Bakıda, I Fəxri Xiyabanda dəfn olunub.