"Ailələri dağıtmaq üçün yarışırlar" – Bu verilişlər dayandırılır? / AÇIQLAMA

12 Mart 2024
Sou biznes
333

"Televiziya kanallarımızda yayımlanan verilişlər zaman-zaman cəmiyyətdə müəyyən qınağa səbəb olur. Çünki, proqramlarda formatın düzgün seçilməməsi, şou verilişlərdə baş alıb gedən biabırçılıq birbaşa cəmiyyətin mənəviyyatına zərbə vurur. "Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” verilişlərinin yayımlandığı televiziya rəhbərlərinin Prezident Adminstrasiyasına dəvət edilməsi də məhz bunun sübutudur. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. Bu isə televiziyamızın inkişafına kölgə salan məqamlardan birdir".

Mövzu ilə bağlı Sfera.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu cür proqramların yayımını dayandırmaq lazımdır.

“Bu verilişlər insanlarda mənəvi aşınma yaradır. Sosial psixologiya elmində də göstərilib ki, hər şeyi çılpaqlığı ilə göstərmək olmaz. Bugün sanki, Xoşqədəm, Zaur, Elgiz və Lalə yarışırlar ki, insanların ailələrini dağıtsınlar. Bu cür verilişlərin intensiv yayımlanması insanların hadisələrə qarşı olan reaksiyalarını adiləşdirir. Adiləşdikcə isə vərdiş halını alır. Bu verilişlər ictimai qınağa da zərbə vurur. Ona görə də bu tərz verilişlərin məhdudlaşdırılması daha məqsəduyğundur. Bunlar reytinq yığmaq xatirinə etik olmayan hadisələri nümayiş etdirirlər. Azərbaycan kişisinin və qadınının nüfuzunu alçaldan verilişlərə teleməkanda yer verilməməlidir”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə qeyd edib ki, bu məsələ Azərbaycan cəmiyyətində geniş müzakirə edilən aktual problemlərdən biridir.

“Bu verilişlərdə ailə dəyərləri gözdən salınır, Azərbaycan kişisi və qadını izləyicilərin qarşısında alçaldılır. Dünyanın heç bir ölkəsində şou tipli proqramlarda belə hallar müşahidə edilmir. Bu gün Azərbaycanın bir sıra televiziya kanallarında yayımlanan verilişlər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına deyil, həmin dəyərlərin məhvinə xidmət edir. Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir? Ola bilər ki, onlar həyatlarının hansısa mərhələsində səhvə yol veriblər. Biz onu mütləq ictimailəşdirib müzakirə obyektinə çevirməli deyilik. Bu gün televiziya kanallarında elmi verilişlərə yer verilmir. Bu gün, ümumiyyətlə, bəzi istisnaları çıxmaqla televiziyalarımız öz proqramlarında ziyalılara da yer vermir. Bu gün Azərbaycan televiziyalarında həm də ziyalı sözünə ehtiyac var. Televiziyalara sual verəndə cavab o olur ki, biz reklam gətirən verilişlərə yer veririk. Biz indi reklamlardan əldə edilən gəlirə görə dəyərlərimizin məhvinə göz yummalı deyilik. Hesab edirəm, hər bir yaxşı məhsulun alıcısı olduğu kimi, yaxşı verilişlərin də baxıcısı mütləq olacaq. Kütlə televiziyaları deyil, televiziyalar kütləni idarə etməlidir. Dünyanın hər yerində belədir. Biz tamaşaçıya nə versək onu da alacağıq. Hesab edirəm, bu barədə ciddi düşünməliyik”.

Bu barədə teletənqidçi Qulu Məhərrəmli isə diqqətə çatdırıb ki, bu tərz verilişlərin yayımlanmasında əsas səhv telekanallardadır.

“İnsanların bir çoxu şou əhlinin təsiri dairəsinə düşür. Bunu da gənclərin davranışlarında müşahidə etmək olur”.

Milli Məclisin deputatı Fazil Mustafa isə məsələ ilə bağlı bildirib ki, bu tip verilişlərin yayımlanmasının əsas səbəbi alternativ seçimlərin olmamasıdır.

“İnsanların əksəriyyəti melanxolik duyğularla təqdim edilən sosial verilişləri izləməyə üstünlük verirlər. Bu verilişlər insanların istəyi üzərinə ərsəyə gəlir. İnsanların təhsil səviyyəsi aşağı düşdükcə, savadsızlıq artdıqca bu verilişlərin xammalı daha da artmağa başlayır. Məhz bu baxımdan insanların təhsil və mədəni səviyyəsini yüksəldəcək addımlar barədə düşünmək lazımdır”.

Deputat qeyd edib ki, bu verilişləri qadağan etmək əvəzinə, alternativ verilişləri, debatları, elmi müzakirələrlə zəngin verilişləri ərsəyə gətirmək lazımdır.

“Bu şou tipli sosial verilişlərin kütləsi çoxdur. Çünki cəmiyyətdə cahil, savadsız insanların sayı çoxdur”.